Şəfəqə Doğru » Gündəm » İranda vəziyyət çox ağırlaşıb: nələr ola bilər? - Gözlənti

İranda vəziyyət çox ağırlaşıb: nələr ola bilər? - Gözlənti

İranda vəziyyət çox ağırlaşıb: nələr ola bilər? - Gözlənti
İranda son 2 ildə sosial-iqtisadi vəziyyət çox ağırlaşıb, valyutası son illər dünyada ən çox devalvasiyaya uğrayan valyutalardan biridir, inflyasiya sürətlənib, milli valyutada qiymətlər kəskin artır və bütün bunlarla yanaşı benzinin qiymətinin artması son damla oldu.

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli İranda başlayan etirazlarla bağlı şərhində deyib. O bildirib ki, Tehranda baş verən etirazların bir neçə səbəbi var:

"İran əhalisi tək elə benzinin qiyməti qalxdı deyə etiraza çıxmadılar - son 2 ilin sosial-iqtisadi ağırlığı insanları bezdirmişdi. ABŞ sanksiyaları, neft hasilatı və satışının azalması, məntiqsiz, təzyiqli idarəetmə rejimi, investorların qaçışı, dollar qıtlığı - bütün bunlar səbir kasasını çoxdan doldururdu. İranda İslam İnqilabını kitablardan oxuyan nəsil yetişib, son 40 ildə 1 milyon gənc xaricdə təhsil alıb, internet nəsli yetişib - bu gün İran əhalisinin 68%-i inqilabdan sonra dünyaya gələnlərdir. Onlar artıq əsir kimi yaşamaqdan bezib. Ümumiyyətlə, nə qədər qəribə səslənsə də, potensial olaraq İran müsəlman aləminin ən dünyəvi ölkələrindən biridir. Çünki 3000 illik dövlətçilik tarixi və ənənələri xurafatdan daha güclüdür”.

N.Cəfərli bildirib ki, İran hakimiyyəti ABŞ və İsraillə gizli-gizli danışıqlar apararaq vaxt qazanmağa çalışacaq:

"İran dövlətinin çox güclü diplomatiya ənənələri var, çox güman ABŞ və İsrail ilə gizli danışıqlar da aparırlar, amma çox sərt və tərs diplomatiya məktəbi tezliklə güzəştə getməyi düşünmür. Çox güman, onlar yaxın 1 ildə danışıqları uzadaraq ABŞ-da prezident seçkilərinin nəticələrini gözləyəcək. Əgər Tramp yenə seçkilərdə qalib gəlsə, İran həmən istənilən müqaviləni imzalayacaq. Çünki rejimin müqavimət resursu tükənəcək. Əgər demokratlar qalib gəlsə, danışıqlar intensivləşəcək. Hesab edirəm ki, demokratlar qalib gəldikdən sonra İran üçün daha məqbul yeni müqavilə imzalanacaq”.