Gədəbəydə sel suları ciddi fəsadlar yaradıb. Ötən gün saat 18 radələrindən başlayaraq rayona güclü leysan və dolu yağıb
Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, güclü leysan və dolu Şınıx bölgəsinin 26 kəndində, həmçinin Çobankənd və Novosaratovka kəndlərində ciddi fəsadlara səbəb olub. Yaşayış məntəqələrinə gedən yollarda qurulan 3-4 körpü tamamilə sıradan çıxıb, bir neçəsi isə qəzalı vəziyyətə düşüb. Bəzi ərazilərdə torpaq sürüşmələri olub, 4-5 ev qəzalı vəziyyətə düşüb. Sel suları avtomobil yollarını yuyaraq nəqliyyat vasitələrinin hərəkəti üçün maneələr törədib. Təbii fəlakət nəticəsində 1000 hektara yaxın əkin sahəsi yararsız hala düşüb, iri və xırda buynuzlu heyvanlar və xeyli ev quşları tələf olub. Sel suların təsirindən elektrik təsərrüfatına da ziyan dəyib. Dirəklərin aşması nəticəsində bır sıra kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bir neçə yaşayış məntəqəsinə enerji verilişi bərpa olunsa da, hazırda 5 kənddə elektrik yoxdur. Rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi sel sularının təsirindən artıb. Güclü sel BMW və "VAZ” markalı iki avtomobili aparıb. Avtomobillərin biri tapılsa da, digərinin axtarışları davam etdirilir.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev bildirib ki, hazırda rayonun bütün texnikası təbii fəlakət olan ərazilərə cəlb edilib. Dəymiş ziyan müəyyənləşdirilir. Qeyd edək ki, Düzrəsullu kənd sakini, 1984-cü il təvəllüdlü Osman Rzayev at ilə Dəyirmançayı keçən zaman sel onu aparıb. O. Rzayevin meyiti ərazidən 3 kilometr aralıda tapılaraq ailəsinə təhvil verilib.