Şəfəqə Doğru » Gündəm » Fransa hökumətinin sahibkarlara dəstəyi 9 bənddə - qısaca

Fransa hökumətinin sahibkarlara dəstəyi 9 bənddə - qısaca

Fransa hökumətinin sahibkarlara dəstəyi  9 bənddə - qısaca


Fransa dövləti səhiyyə krizinin təsirlərindən kiçik firmalar, sahibkar və öz hesabına çalışan fiziki şəxləri qoruma istiqamətində bir neçə həll edici qərarlar almışdır. Bu qərarlar toplusunun 9 bənddə, qısaca nəzərinizə çatdırırıq :

1.Bütün firmaların işçiləri üçün sosial müdafiə və əmək fonduna olan etdiyi ödənişlər 3 ay boyunca gecikdirilə biləcəkdir. Bu sosial müdafiə yığımlarında həmin müddət ərzində 12 milyard kəsir yaradacaqdır.

2.Aylıq toplanan vergilər, fiskal yığımlar gecikdiriləcək və onlara bəzi hallarda endirim ediləcəkdir. Bu dövlətə qarşı olan öhdəliklərin yükünü azaltmağa xidmət edəcəkdir. Ayrıca, əvvəldən vergi borcu qalanların da bu periodda yenidən vaxt uzatma tələbi qəbul olunacaqdır.

3.İcarə aylıqları, ticarətçilərin "yer haqqı” dediyi rentaların və kommunal xərclərin (elektrik, qaz, su) ödənişlərinin gecikdirilməsi, müddətinin uzadılması, gecikmə halında cərimədən azad edilməsi mümkün olacaqdır. Bu sayədə, firmanın dövriyyəsindəki cari vəsaitlər sahibkarın nəzarətində qalacaqdır.

4.Kiçik sahibkar və öz hesabına çalışanların bəzilərinə, 1500 avro yardım verə bilmək üçün həmrəylik fondu qurulacaqdır. Bundan əlavə, işçiləri olan, iflas riskinə məruz qalan firma sahibkarlarına da 2000 avro üstəlik yardımın edilməsi gündəmə gələcəkdir.

5.Dövlətin zəmanəti ilə beş illlik kreditlərin paylanmasına başlanacaqdır. Bunun ilk ilində geri ödəniş tələb olunmayacaqdır. Bu qarantiya fondu dövləti 300 milyard avroluq həcmdə kreditlərə zamin qılacaqdır.

6.Əvvəl götürülmüş kreditlərin geri ödənişində asanlaşdırılması, aylıq geri ödəmənin azaldılaraq daha uzun müddətə yayılması üçün banklar səfərbər olacaqdır.

7.Əmək haqlarının ödənilməsi ilə bağlı firmalara yardım göstəriləcəkdir. Hər bir firma işçisinin maaşının 70 %-ini ödəyəcək və yerdə qalanını isə dövlətə ödətdirəcəkdir.

8.Firmalar aralarında ziddiyyətlərin həllini, müqavilələrə uyulmama hallarının idarə edilməsini dövlətin pulsuzca təyin etdiyi vasitəçi ekspertə həvalə edə biləcəkdir və beləcə konfliktlərə həll axtarılmasına zaman sərf etməyəcəkdir.

9.Tenderlərlə bağlı gecikmə sanksiyaları ləğv ediləcəkdir. Yəni, əgər Dövlət servislərinin podratçıları müqavilə şərtlərini və öhdəliklərini pandemiya ucbatından yerinə yetirməyiblərsə, cərimələnməyəcəklərdir.

Bundan əlavə, firmalara mümkün olduqca işçilərini evdən işləmək üçün lazımı imkanlarla təmin etmələri göstərişi verilmişdir.

Uşaqları məktəbli olan işçilərin isə, məktəblərin bağlı olması səbəbiylə evdə oturmağa məcbur olması halında isə, yenə də maaşlarının ödənilməsinə davam edilməsi tövsiyyə edilmişdir. Belə ki, dövlət bu xərci də öz öhdəsinə götürəcəyini bəyan etmişdir.

Böhran davam edir. Yəqin ki, yeni qərarlar da gecikməyəcəkdir.


Q. Neymət oğlu