Ukraynanın paytaxtı Kiyevdə bir neçə ay əvvəl naməlum şəxslər tərəfindən girov götürülmüş, 1975-ci il təvəllüdlü azərbaycanlı iş adamı Elsevər Alxazov ötən həftə şəhər ətrafında girov saxlanıldığı yerdən təsadüf nəticəsində qaçıb.
İş adamının yaxınlarının Modern.az saytına verdiyi məlumata görə, mart ayında girov götürülən E.Alxazovun qaytarılması üçün 1 milyon dollar tələb olunurdu. Artıq onun qardaşları və dostları bu məbləğin ödənilməsinə hazırlaşdıqları zaman qəflətən iş adamı Kiyevdə naməlum nömrədən qardaşına zəng edərək şəhərdəki "Bulvar Şevçenko” adlı yerdə olduğunu və təcili gəlib onu oradan aparmasını istəyib.
Onun qaçışı belə olub: İş adamı Kiyev kənarındakı qəsəbələrin birində girov götürənlərə məxsus evlərin birində saxlanırmış. Onu girov götürənlər (təhlükəsizliyi üçün adlarını açıqlamır) gürcülərdən və ermənilərdən ibarət dəstə olub. Qaldığı ev erməniyə məxsus imiş və ötən həftənin şənbə günü evdə təşkil olunan yeyib-içmək məclisində ona nəzarət edən 5 nəfərin olduqca sərxoş hala düşməsindən istifadə edib.
Elsevər Alxazov əvvəlcə tualet bəhanəsi ilə bayıra çıxıb. Tualetə girib və orada xeyli ləngiyib. Onu gözləyən əlisilahlı sərxoş şəxsin pilləkəndə oturub mürgüləməsini gözləyib. Dərhal tualetdən çıxaraq, ona hücum edib, ağzını və əllərini sarıyıb. Hasardan tullanaraq əvvəlcə bir kilometr yolu piyada qaçıb, sonra isə taksi ilə Kiyevə gəlib. İndi qardaşları onun Ukraynadan getməsi üçün hazırlıqlar görür.
Qeyd edək ki, son bir ildə Ukraynada 20-dən çox azərbaycanlının oğurlandığı bildirilir və Azərbaycanın bu ölkədəki səfirliyi yerli hüquq-mühafizə orqanlarına bununla bağlı rəsmi müraciət edib.