Xalq artisti Aygün Kazımova ilə "Yeni Müsavat” qəzeti arasında qalmaqal böyüyür. A.Kazımova onu erməni agentlərinə işləməkdə ittiham edən mətbu orqana növbəti dəfə cavab verib.
Shafaqadogru.com Xalq artistinin fikirlərini olduğu kimi təqdim edir:
"Mus, mus deyincə, Mustafa de, Müsavat! Bu mənim Müsavata son cavabımdır. Çünki məhkəmə işləri başlayır. Müsavat cinsi bəlli olmayan birinin söylədiklərini dərc etməklə nəyə nail olmaq istəyir? Məqsədi nədir? Bununla Musavat "qızım sənə deyirəm,gəlinim sən eşit" demək istəyir. Burada Müxalifət müxalifətliyini göstərir. Müsavat bununla nə demək istəyir? Ölkədə qanun yoxdur yoxsa qanunlarımız düzgün işləmir? ÖIkədə dərəbəylikdir? Sizin yazdıqlarınızdan belə çıxır ki, neçə ildir Azərbaycana ermənilər rahat şəkildə gəlib öz işlərini görə bilirlər? Demək Musavatın sözünə inansaq, dövlət qurumlarımız da bütün bunları bilir və ört basdır edir? Musavatda yazılanlara inansaq, onların iddia etdikləri kimi mən illərdir insan alveri ilə məşğul oluram, erməni agentləri ilə əməkdaşlıq edirəm amma dövlətimizin xəbəri yoxdur? Müsavat demək iddia edir ki, bu dövlət başlı-başınadır? Yəni ölkədə hərc-mərclikdir? Müsavat nəyə eyham vurur? Şəkildə göstərdiyiniz insanlar illərdir Azərbaycanda müxtəlif təşkilatlar və qurumlar tərəfindən təşkil olunan dəb həftələri çərçivəsində Azərbaycana gəlib”.
A.Kazımovanın fikirincə, yazılanlar həqiqət olsaydi, dövlət qrumlarımız bütün bunlardan xəbərdar olardı və onların ölkəyə girişinə qadağa qoyardı: "Mən məşhur simayam. Sənətimlə əlaqədar saysız insanlarla tanış oluram. Onların sırasında musiqiçilər, stilistlər, prodüserlər var. Heç kəsin alnında əslinin haralı olması haqda yazı yoxdur. Hər adamla tanış olanda onun nəsli, əqrəbası, keçmişi, tərcümeyi halını soruşub, şəxsiyyət vəsiqəsini tələb etmirəm. Yoxsa tanış olanda soruşmalıyam ki, ulu nənən kimdi? Mən bilirəm ki, onlar gürcüdülər, Gürcüstan vətəndaşlarıdır və Gürcüstanın tanınmış modaçılarıdır. Siz əgər əksini bilirdinizsə, dövlət qrumlarını və məni xəbərdar edərdiniz. Zəng edib deyərdiniz ki, Aygün xanım, bu insanlar pis insanlardı. Mən heç kəsin şəxsi həyatına və gördüyü işlərə qarışmıram və onlara cavabdeh deyiləm. Hər kəs öz əməlinə cavab verir”.
Sənətçi ara-sıra onların onun üçün hazırladıqları əlbisələrdən geyindiyini qeyd edib: "Əgər sizin məqsədiniz düzgündürsə, məni yerliniz kimi xəbardar edərdiz də! Elə çıxır ki, məqsədiniz qaranlıqdır. Əgər bunu əvvəlcədən bilib susmusunuzsa, dövlət qrumlarını xəbərdar etməmisinizsə, onda elə birinci günahkar sizsiniz! Hansısa cinsi bəlli olmayan, narkoman, axtarışda olan, çirkin əməllərlə məşqul olan birinin ağzına gələni, sosial şəbəkələrdə danışdıqlarını, Azərbaycana fakt kimi göstərirsiz? Bu günəmi qalmısınız? Xəbəri araşdırmadan, təhrif olunmuş məlumatları fakt kimi çatdırmaq jurnalistikadır? Belə xəbərəmi ehtiyac qaldınız? Mənim özümdən zəng edib soruşmaq bu qədərmi çətin idi? Əgər belə bir şeyin olmağına inanırdınızsa, məni xəbərdar edərdiniz ki, Aygün, aç gözlərini. Tanıdığın, çalışdığın insanlar agentdilər. Onların dövlətimizdə olması ziyandır. Pis işlərlə məşquldular. Sizin musiqinizi, bayrağınızı təmsil edirəm. Heç mi damarınızdan Azərbaycan qanı axmır? Bunu bilin ki,dərc etdiyiniz məqalə ilə yalnız özünüzü nüfuzdan saldınız. Bunu da unutmayın ki, mən Aygünəm! Səhnədə olduğum 30 ildə belə şərlər mənə çox atılıb. Hamısına sinə gərmişəm. Müraciətimin əvvəlində qeyd etdiyim fikrimə bir də gəlirəm. Mus, mus deyincə, Mustafa de, Müsavat. De görüm sən mənimlə, yoxsa mənim simamda yenə də dövlətimlə mübarizəyə başlamısan, Müsavat?”
Xatırladaq ki, bu günlərdə mətbuatda Ermənistanın xüsusi orqanlarının Azərbaycanın şou aləminə nüfuz etmələri barədə yazı dərc olunub. Yazıda qeyd olunur ki, erməni xüsusi xidmət orqanlarına bağlı olan modelyer çetesi azərbaycanlı iş adamlarının, müxtəlif peşə sahiblərinin yataq səhnələrini gizli çəkib, sonradan onları şantaj ediblər. Rusiyadan, Ukraynadan, Azərbaycandan Türkiyəyə moda yarışmasında iştirak etmək üçün dəvət olunan modelyerlər tədbirlər sonrası seks-köləliyə məcbur ediliblər. Pasportları əllərindən alınan modelyerlər bir neçə min dolların qarşılığında ayrı-ayrı şəxslərə bir gecəlik satılıblar. "Yeni Müsavat" qəzeti bununla bağlı geniş yazı dərc edib və Aygün Kazımovanı erməni agentliklərinə işləməkdə ittiham edib.