Şəfəqə Doğru » Gündəm » Cəzasız qaldığını görən Ermənistan rəhbərliyi bütün bölgədə vəziyyəti gərginləşdirən addımlar ata bilər - GƏLİŞMƏ

Cəzasız qaldığını görən Ermənistan rəhbərliyi bütün bölgədə vəziyyəti gərginləşdirən addımlar ata bilər - GƏLİŞMƏ

Cəzasız qaldığını görən Ermənistan rəhbərliyi bütün bölgədə vəziyyəti gərginləşdirən addımlar ata bilər - GƏLİŞMƏ
Nikol Paşinyanın Qarabağa növbəti səfəri Ermənistanın Azərbaycana qarşı yeni hücum planları, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətini göstərir. Paşinyan Qarabağa səfərində əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb.

Cəbhənin Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbiçilərinin Paşinyan tərəfindən mükafatlandırılması, hətta onlardan birinə "Milli Qəhrəman” adını təqdim etməsi İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb.

Paşinyan və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı "Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub.

Millət vəkili Soltan Məmmədov "Sherg.az”a bildirib ki, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri bu ölkənin sülhə hazır olmadığını, problemin danışıqlar masası arxasında həllinə maraq göstərmədiyini bir daha nümayiş etdirir:

"Ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edib. Lakin proseslərin gedişi, o cümlədən Ermənistan rəhbərliyinin son addımları göstərir ki, rəsmi İrəvan münaqişənin sülh yolu ilə nizamlanması üçün bütün qapıları faktiki olaraq taybatay bağlayır. Paşinyanın son addımları Ermənistanın istənilən an yeni hərbi təxribatlara əl atmağa hazır olduğunu göstərir”.

S.Məmmədov vurğulayıb ki, Ermənistanın bu davranışına ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət qəti, aydın münasibətini ifadə etməlidir:

"Əks halda, cəzasız qaldığını görən Ermənistan rəhbərliyi bütün bölgədə vəziyyəti gərginləşdirən addımlar ata bilər. Xüsusilə də Ermənistan hakimiyyəti rasional düşünmək, praqmatik siyasət yürütmək kimi bacarıqlardan məhrumdur. Ona görə də dünya birliyi işğalçı ölkəyə yerini göstərməlidir”.