Başıbəlalı uşaqpulu məsələsində dilemma - GƏLİŞMƏ
6-04-2021, 10:02 298İllərdir həllini tapmayan "uşaqpulu” məsələsi yenidən Azərbaycan cəmiyyətində müzakirə mövzusuna çevrilib. Bu dəfə mübahisələrin başlamasına səbəb REAL partiyasının sədri İlqar Məmmədovun açıqlaması olub. O, Azərbaycanda nəsilvermə əmsalının aşağı düşdüyünü bildirərək təklif edib ki, birinci uşağa görə uşaqpulu verilməsin. İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etsin, yardım məbləği də əhəmiyyətli dərəcədə olsun və bu vəsaitin valideyinlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlətin ciddi nəzarəti olsun. Üçüncü və sonrakı uşaqlar yenə də valideyinlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Dövlət buna ümumi iqtisadi şəraiti yaxşılaşdırmaqla dəstək verməlidir.
Qeyd edək ki, Azərbaycanda hökumət nümayəndələri, deputatlar və ekspertlər iki qismə bölünüb. Bir qism uşaqpulunun kütləvi olaraq verilməsinin tərəfdarıdır və hesab edir ki, konkret olaraq müəyyən edilən məbləğ ölkə üzrə bütün uşaqlara verilsin. İkinci qism isə yalnız aztəminatlı ailələrin müəyyən edilərək onların uşaqlarına uşaqpulunun verilməsini təklif edir. Yəni hamıya az məbləğdə verilməsindənsə, ehtiyacı olanlara ciddi bir məbləğ verilməsini üstün sayırlar. Əhalidəki ümumi rəy isə 18 yaşaqədər uşaqlara kütləvi olaraq uşaqpulunun verilməsindən yanadır. Bu zaman hökumətin əsas problemi bu vəsaitin mənbəyinin tapılması olacaq. Yalnız aztəminatlı ailələrin uşaqlarına uşaqpulu verilməsinə gəlincə, burada da əsas problem ölkə üzrə bütün aztəminatlı ailələrin qeydə alınması, bununla bağlı yaşanan problemlər, kənarda qalanlar, aztəminatlılığın meyarları və yol verilən sui-istifadə hallarıdır. Kütləvi verilən uşaqpulu bu problemləri aradan qaldırmış olur.
Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, uşaqpulu çox vacib məsələdir və həll edilməsi zəruridir: "Buna bir demoqrafik məsələ kimi baxmaq doğru deyil. Bu həm sosial, həm demoqrafik, həm insan kapitalı istiqamətində dövlət siyasətinin dəstəklənməsi və sair parametrləri özündə birləşdirən çox vacib institutsional sosial müdafiə mexanizmidir. Dünyada bu məsələyə baxış belədir. Söhbət keyfiyyətli təhsilə, keyfiyyətli səhiyyə xidmətlərinə, sağlam qidalanmaya şəraitin yaradılması, ölkə vətəndaşlarının bu istiqamətdə konstitutsion hüququnun müdafiəsi məsələsidir. Bu baxımdan uşaqpulu mütləq olmalıdır, biz bu mövqeyimizi hər zaman bildirmişik. Hökumətin bu məsələdəki arqumentləri müəyyən qədər nöqsanlıdır. Bəzi hallarda bu, demoqrafik vəziyyətin yaxşı olması ilə izah olunur. Demoqrafik vəziyyət bizdə hazırda o qədər də yaxşı deyil. 90-cı illərdə ölkədə hər min nəfərə ildə 20 nəfər doğulurdu, bu gün bu göstərici 8-ə qədər azalıb. Əhalinin ailə strukturunda kiçik ailələrin sayı sürətlə artır. Məsələyə bu aspektdən baxanda proses növbəti illərdə çox ciddi demoqrafik problem yarada bilər. Bu baxımdan sosial, demoqrafik, eyni zamanda digər siyasətlərin birgə kombinasiya olunmuş forması fonunda uşaqpulu mexanizmi yaradılmalı və verilməlidir. Xüsusilə də müəyyən xeyriyyə proqramları çərçivəsində məlumatlar yayıldı və bəlli oldu ki, heç də ölkədə vəziyyət bizim düşündüyümüz kimi deyil. Kifayət qədər ciddi yoxsulluq, yoxluq yaşayan sosial qrup var. Bu mənada dayanıqlı sosial müdafiə mexanizmlərinin, o cümlədən uşaqpulu mexanizminin yaradılması, böhran dövrlərində, pandemiya kimi forsmajor dövrlərdə ailə büdcəsinin gəlirlərinin davamlı təmin edilməsi üçün çox vacibdir. Hansı ölkələrdə sosial müdafiə mexanizmlərinin çeşidi, əhatəliliyi zəif idisə, həmin ölkələrdə pandemiyadan ailə büdcələrinin zərər görməsi daha yüksək səviyyədə oldu. Daha ciddi yoxsullaşma dinamikası müşahidə olundu. Ona görə də uşaqpulu bərpa edilməlidir”.
İqtisadçı vurğuladı ki, hökumətin bu məsələdə digər bir arqumenti tələb olunan vəsaitin çoxluğudur və bunu müxtəlif yollarla optimallaşdırmaq mümkündür: "İndiki şərtlər daxilində bu başadüşüləndir. Nəzərə alsaq ki, postpandemiya, postneft, postmüharibə dövründə fiskal gəlirlərin təmin edilməsində ciddi çətinliklər yaranacaq. Eyni zamanda xərc istiqamətləri də kifayət qədər artıb. Bu baxımdan bu mexanizmi müəyyən qədər təkmilləşdirib hədəfli mexanizmə çevirmək olar. Məsələn, birinci uşaqlara uşaqpulunun verilməməsi düzgün olar. Əlbəttə, əhatə olunsa, daha yaxşı olar, ancaq bir yerdən başlamaq lazımdırsa, bunu etmək olar. İkinci uşağa 100 manat (təbii ki, rəqəmlər müzakirə oluna bilər), üçüncü uşaqlara 150 manat, dördüncü uşağa 200 manat həcmində uşaqpulu verilə bilər. Elə bir yanaşma demoqrafik artımı da dəstəkləyən mexanizmə çevrilə bilər”.
R.Həsənov vurğuladı ki, hədəfliliyi təmin etmək üçün əhalinin gəlirlərini özündə əks etdirən çərçivələr formalaşdırmaq olar: "Təəssüf ki, uçotun zəif olması bu istiqamətdə müəyyən qədər hökumət üçün çətinlik yaradır. Ancaq bəzi sektorlarda gəlirlərin yüksək olduğu məlumdur. Məsələn, neft sektoru ölkədə gəlirlərin yüksək olduğu sektordur, orta aylıq əmək haqqı 3000 manat ətrafındadır. Valideynlərindən birinin neft sektorunda işlədiyi dövrdə uşağa həmin vəsaitin verilməsi dayandırıla bilər. Valideynlərdən biri xüsusi dövlət qulluğunda çalışırsa, bu yanaşma ola bilər. Və ya gəlirlərə əsaslanan bir çərçivə hazırlana bilər.
Valideynlərdən birinin gəlirlərinin 1500 manatdan yuxarı olması, həmin dövr ərzində, yəni gəlir azalmadığı müddətcə uşaqpulunun verilməsi dayandırıla bilər. Belə çərçivələr qoymaqla vəsaiti azaltmaq mümkündür".
İqtisadçının sözlərinə görə, uşaqpulu yaşının son həddi 17-18 yox, 15 də götürülə bilər: "Azərbaycan qanunvericiliyi 15 yaşdan sonra uşaqların əmək bazarında iştirakına maneə yaratmır. Uşaqpulunun 18 yaşa qədər deyil, 15 yaşa qədər dövrü əhatə etməsi ilə bağlı bir yanaşma ortaya qoymaq, əhatə dairəsini bir qədər də kiçiltmək olar. Dolayısı ilə bu mexanizmi o həddə qədər optimallaşdırmaq olar ki, buna büdcənin imkanları çatsın. Əlbəttə, büdcənin müəyyən imkanları var. Sosial aspektdən qiymətləndirilsə, Azərbaycanın dövlət büdcəsi çox az sosial büdcədir, xərclərin cəmi 40 faizi sosial məqsədlə xərclənir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 70-75, bəzən 80 faiz olur. Sosial xərcin artırılması istiqamətində bir baza var. O cümlədən büdcə xərcləmələrinin səmərəliliyinin artırılması, nəzarət mexanizminin gücləndirilməsi, illeqal əmək bazarının qanuniləşdirilməsi, qeyri-leqal iqtisadiyyatın qanuniləşdirilməsi yolu ilə büdcə gəlirlərini artırmaq olar. Bu gəlirlər də uşaqpuluna yönəldilə bilər. Uşaqlara yönəlik bəzi müavinətlər var ki, hazırda onların bəzilərinin həcmi 13-15 manatdır, bu kimi lazımsız mexanizmlər də ləğv oluna bilər, həmin vəsaitlər də uşaqpulu mexanizminin maliyyələşdirilməsinə cəlb oluna bilər”.
Bir daha qeyd edək ki, iqtisadçı ekspertin də vurğuladığı kimi, uşaqpulunun verilməsi ilə bağlı təkliflərdə əhatə dairəsinin müəyyən qədər daraldılmasında məqsəd dövlət büdcəsindən tələb olunan vəsaitin həcmini optimallaşdırmaq və mexanizmi işə salmaqdır.