"Etirazçılar hətta "prezident” iqamətgahının qapılarını sındıraraq içəri girməyə çalışıblar..."
Bu gün gündüz saatlarında Xankəndindəki "Dirçəliş” meydanına toplaşan bir qrup erməni separatçı rejim başçısı Araik Arutyunyanın istefasını tələb etməyə başlayıb.
Shafaqadogru.com xəbər verir ki, bu haqda qəsbkar ölkənin "A1plyus” nəşri məlumat yayıb.
Məlumata görə, vəziyyət gərginləşib.İnsanlar yaxın ərazilərdə divarlara "get” yazılmış vərəqələr yapışdırıblar.
Separatçı rejimin qanunsuz "dövlət naziri” sayılan Artak Beqlaryan etirazçılara yaxınlaşaraq Araiklə danışdığını və onların belə bir tələb irəli sürdüklərini onun nəzərinə çatdırdığını bildirib. Və onu da əlavə edib ki, sabah – iynun 22-i günortadan sonra Araik Arutyunyan "xalqın tələbi ilə əlaqədar xalq qarşısında çıxış etmək” üçün Xankəndində olacaq.
"Qraparak” nəşrinin yazdığına görə isə, etirazçılar hətta "prezident” iqamətgahının qapılarını sındıraraq içəri girməyə çalışıblar. Polislə qarşıdurma yaşanıb. Guya nümayişçilər "Artsax xalqı Paşinyanı təbrik edə bilməz”, "Araik get, sən Artsax xalqının maraqlarını ifadə etmirsən!" şüarları səsləndiriblər...
Etirazın İrəvandakı Rusiyameyilli qüvvələr tərəfindən təşkil olunduğu istisna edilmir...
Xatırladaq ki, gecə saatlarında Araik Arutyunyan İrəvanda Paşinyanın baş seçki qərargahında görünüb. Sonra isə səhər saatlarında öz adından "rəsmən” Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik edib.