Qarabağ müharibəsində həm güllə, həm də qəlpə yarası almış İlqar Quliyev 8 aydan çoxdur ki, yatağa məhkum olunub. Mingəçevir sakini diqqətsizliklə üzləşdiyini bildirir.
"Barmağımı snayper gülləsi apardı”
İlqar Quliyev müharibəyə ehtiyatda olan hərbi qulluqçu kimi göndərilib. Dediyinə görə, hələ aprel döyüşlərində onu hərbi komissarlığa çağırıblarmış. Sadəcə, o vaxt döyüşə aparılmayıb:
"Keçən il sentyabrın 21-də yenə çağırdılar. Əvvəlcə Ballıqaya və Talış istiqamətində döyüşlərdə iştirak elədim. Oktyabrın 1-də Suqovuşanda yaralandım. Əlimdə ikinci barmağımı snayper gülləsi apardı. Sonra budumun bir hissəsini qəlpə parçaladı. Ora "İlizarov” aparatı qoyulub indi. Barmağım yerinə tikilib, amma hissiyyatını itirib. İxtiyarsız qalıb. Əlimi yığanda boşluq hiss olunur, tam sıxa bilmirəm”.
Yaralı döyüşçü əvvəlcə Naftalana aparılıb. Burada həkimlər onun ayağının amputasiya olunub-olunmaması haqda çox düşünüblər. Sonra onu Yevlaxa göndərmək qərara alınıb:
"Yevlaxda Bakıdan gəlmiş Emin həkim var. O demişdi ki, ayağın qorunmasına ümid varsa, göndərin, əməliyyat eləyək. Oktyabrın 2-si Yevlaxda əməliyyat olundum. Sonra 9 gün gözlədik ki, çürümə olub-olmayacağını müəyyənləşdirsinlər. İkinci əməliyyat oldu, 19 gün Yevlaxda yatdım. Ardınca məni Kürdəmirə göndərdilər. Təxminən bir həftə də orada yatdım. Sonra bir gün də Şəmkirdə qalmalı oldum. Axırda evə göndərildim. Hətta Mingəçevirin hərbi komissarlığında buna görə anama qarşı kobudluq eləmişdilər. Guya evə belə tez buraxılmalı deyildim. Amma mən yerimdən heç cür tərpənə, üzr istəyirəm, adi ayaqyoluna gedə bilmirdim. Məni evə buraxdılar ki, evdə qulluq olunsun. İlk günlərdən torpaqların alınmasında iştirak eləmişəm. Bu haqda çəkiliş olmuşdu. Bundan sonra komissarlıqdan gəlib evdə üzrxahlıq elədilər”.
"Həkim günü 20 manata evə gəlib sarğılarımı dəyişirdi”
İlqar Quliyev danışır ki, bir müddət sonra evdə vəziyyəti ağırlaşıb. Yaralarından qan gəlməyə başlayıb:
"Atam yox, bacım yox, qardaşım yox. Bircə anam var. Evdə oturub Allah ümidinə yaşayan adamdı. Məni tez təcili tibbi yardım maşınına qoyub Mingəçevir xəstəxanasına çatdırdı. Orada mənə yaxın durmadılar. Anam onları başa salmağa çalışdı ki, belə vəziyyətdə yaralıya tibbi xidmət göstərə bilmir, mütəxəssis olmalıdı. Dedilər ki, hər gün gətirin bura, sarğısını dəyişək, aparın. Anam dedi ki, gücü çatmır, evdə kişi xeylağı da yoxdur. Təsəvvür eləyin, döşəkağını dəyişmək üçün dost-tanışa zəng vurub köməyə çağırırıq. Məsələnin maddi tərəfini qoyuram bir kənara, hər gün ora xərəyə qoyulub aparılmalıydım. Razılaşmadılar. Bir kişi həkim tapdıq. Günü 20 manata evə gəlib sarğılarımı dəyişməyə razı oldu. Yanıma gələn-gedən yastığın altına nə pul qoyurdusa, yığıb axşam həkimə verirdik. Bir ay belə davam elədi. Bir gün cəmi 14 manat düzəldi, verdik ona. Sabah daha zənglərə cavab vermədi...”
Bundan sonra İlqar Quliyevin vəziyyəti yenə pisləşib. Ona internet vasitəsilə əlaqə saxlayan bir nəfər kömək əlini uzadıb. Həmin şəxs Mingəçevirdə döyüşçünün sarğılarını təmənnasız dəyişəcək, onun vəziyyəti ilə maraqlanacaq həkim tapıb:
"Cərrahiyyə şöbəsində işləyən Sevda xanım gəldi. O gündən indiyə qədər həmin insan mənə baxır. Sarğılarımı dəyişir, iynə vurur. Dövlət səviyyəsində başqa kömək yoxdu. Prokurorluğun "Qaynar Xətt”inə zəng vurub şikayət eləmişdim. Yalnız bundan sonra xəstəxanadan həkim göndərmişdilər. Üç-dörd gün gəlib-getdi. Sonra bildi ki, sarğılarımı dəyişəcək adam var, dedi, onda mənim gəlməyimə ehtiyac yoxdu. Prokurorluqdan məktub gəlib, baxıram ki, həkimin adı yazılıb. Şikayət eləməsəydim, o da gəlməyəcəkdi...”
"Bu gün nə yeyək?”
İlqar Quliyev elektron poçtla Prezident Administrasiyasına da şikayət edib. Bundan iki gün sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov döyüşçünün evinə gəlib:
"Dedi ki, nə istəyin olsa, birbaşa bizə zəng vurub deyə bilərsən. Halbuki, məktubdan əvvəl icra hakimiyyətinə 10-15 dəfə zəng vurmuşdum, telefona cavab vermirdilər. Danışdıq ki, gəlirimiz yoxdu. Müharibəyə getməmişdən əvvəl mən günəmuzd fəhlə işləyirdim. Anam toylar vaxtı restoranda işləyirdi. Pandemiyaya görə bu sahə də dayanıb. İcra başçısı söz verdi ki, anama iş tapılacaq. Getdilər. Kommunal borclar yarandı. Qazı, işığı kəsəcəkləri ilə hədələyirdilər. İcra hakimiyyətinə müraciət elədik, dedilər ki, əlimizdən bir iş gəlmir. Axırıncı dəfə onlara dedim ki, bu boyda bina rayonda nə üçün yaradılıb?!”
Mingəçevir Şəhər İcra Hakimiyyətindən müharibə iştirakçısına YAŞAT Fonduna müraciət etmək tövsiyə olunub. İlqar Quliyev fondun yalnız əlillik dərəcəsi almış şəxslərə kömək etməyə hazır olduğunu bildirir. Bunun üçün isə xeyli sənəd toplanmalı, uzun yol keçilməlidir.
"Gözüm nə vaxta qədər qapıda qalmalıdı ki, kimsə nəsə gətirəcək? Anam da gedib icra hakimiyyətinə. Deyiblər ki, vakansiya olanda mərkəzi xəstəxanada işə düzəldiləcək. Nə vaxt? Bəs bu gün nə yeyək? Əlillik almağım üçün ayağımın sümüyü birləşməlidi. Hələ də "İlizarov” aparatı ayağımdadı. Əvvəlcə aparat ayağımdan sökülməlidi, sonra mən komissiya qarşısına çıxmalıyam ki, əlillik müəyyənləşsin. Necə eləyim mən? Anamı çöllərə salım ki, gedib pul tapsın?”, - məyusluğunu gizlətmir.
"İlqarın özünə dedim ki, bir az səbirli olsun”
İlqar Quliyev deyir ki, Mingəçevirdə dəfələrlə müharibə iştirakçılarına yardım paylanılması haqda eşidib, amma onu yada salan olmayıb. 28 yaşlı döyüşçü təltif olunduğunu, buna baxmayaraq, medalları hələ almadığını da bildirib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Sahib Əliyev Meydan TV-yə bildirib ki, İlqar Quliyev və ailəsinin problemlərilə dəfələrlə maraqlanıblar. Bu problemlərin həlli üçün əllərindən gələni etməyə çalışırlar. Onun sözlərinə görə, bu istiqamətdə bir sıra addımlar da atılıb: "İlqar Quliyevin anasının iş məsələsi həll olunub. Ayın 1-dən şadlıq evləri işə başlayır. Əvvəlki iş yerinə bərpa olunur. Şəxsən mən özüm İlqar Quliyevi icra başçısı ilə görüşdürmüşdüm. Onların evinə kombi də çəkdirmişik. Diqqətsizlikdən söhbət gedə bilməz. Bizdə elə vəsait yoxdu ki, ona aylıq maaş verək. İlqarın özünə də dedim ki, bir az səbirli olsun. Anası əvvəllər toxuculuq kombinatının işçisi olub. Kombinatın istehsalat şöbəsinin rəisi ilə danışmışıq. İlk imkandaca xanımı işə dəvət eləyəcəklər. Medallar da hələ bizə gəlib çıxmayıb. Gələn kimi aparıb evdə verəcəyik. Şəxsən mənim oğlum iki medalla təltif olunub, hələ gözləyirik. Hissə-hissə göndərirlər”.
Müharibədən foto
Mənbə: Meydan Tv