Şəfəqə Doğru » Manşet » Sabiq DİN nazirinin aldığı rüşvətin məbləği açıqlanıb

Sabiq DİN nazirinin aldığı rüşvətin məbləği açıqlanıb

Sabiq DİN nazirinin aldığı rüşvətin məbləği açıqlanıb

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun aldığı rüşvətin məbləği məlum olub.

İstintaq materiallarında təqsirləndirilən şəxsin vətəndaşlardan rüşvət şəklində 9 073 550 manat məbləğində pul aldığı qeyd edilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi (DİN) də iş üzrə zərərçəkmiş qismində tanınır. Keçmiş nazir DİN-ə 5 129 105 manat dəyərində maddi ziyan vurub.

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü ilə Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.

Hökmə əsasən, iş üzrə zərərçəkmiş Naxçıvan Muxtar Respublikası DİN-ə 5 129 105 manat dəyərində dəymiş maddi ziyan təqsirləndirilən şəxsdən alınaraq Naxçıvan Muxtar Respublikası DİN-ə ödənilməsi, Ə.Əhmədovun vətəndaşlardan rüşvət şəklində aldığı 9 073 550 manat məbləğində pul müsadirə edilərək dövlət nəfinə alınması təmin edilib.

Bundan başqa, təqsirləndirilən şəxsin "daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, "polis general-leytenantı” ali-xüsusi rütbəsindən, "general-leytenant” ali hərbi rütbəsindən və "Azərbaycan Bayrağı” ordenindən mərhum edilməsi üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.

Hökmdən narazı qalan məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb//report.az