Şəfəqə Doğru » Araşdırma » Bender Türkmənlər və Daş Salahlı kəndi

Bender Türkmənlər və Daş Salahlı kəndi

Bender Türkmənlər və Daş Salahlı kəndi

Qazaxda bunu bilməyən yoxdur- Əgər Daş Salahlı kəndində doğulmusansa, bunu yenicə bilən həmsöhbətin səndən soruşacaq- "Bendersənmi



Mən bəlkə 100 dəfə eşitdim bu sualı .

Əminəm ki, məndən başqalarına bu sual ünvanlanıb.

 

Bəs niyə "bender”?

Cavab vermək çətindir.Çünki, 3000 evli,10000 sakinli Daş salahlı kəndində (kənd deyəndə dil ürkür) "bender” kimə deyilir, nəyə deyilir, niyə deyilir bilən yoxdur. Nə 11 il oxuduğum orta məktəbdə, nə küçədə, nə idmanda, nə çayxanada, nə də toyda-yasda bu haqda "dişədəyər” bir məlumata qulaq şahidliyi etməmişəm. Yaşı 70-in ətrafında olan 5-6 tarix müəllimlərimiz olub kənddə. Yüzlərlə ağsaqqallar, ziyalılar.Bu kənd Azərbaycanda ən çox diplomun olduğu kənddir desəm bəlkə də yanılmaram. Azərbaycanın, hətta dünyanın fərqli yerlərinə gedib yerləşmiş saysız elm adamları, professorları, hətta akademiki olduğu halda bir kəs bu mövzuda azacıq da olsa bir araşdırma etməyib, sonrakılar üçün açıqlamağa 3-5 kəlmə bir izah buraxmayıblar. Əlbətdə, bu cümləni kimlərisə qınamaq üçün yazmıram (həddim də deyil). Ancaq heç vaxt bu kənd camaatına kənarda niyə "bender” deyilməsinə dair sağlam bir izah eşitmədiyimi etiraf etməliyəm.

 

Bəs mən özüm axtarmışammı?

Hər fürsətdə bu mövzuya dair tarixi bir yazı tapmağa çalışmışam, davam edirəm. 

İlk dəfə "bender” kəliməsinə (əlbətdə ki, kəndimizdən başqa) 7-ci siniflər üçün "Azərbaycan Tarixi” kitabında rast gəldim. Hələ məktəbli idim (1999) və bizdə internet yox idi. Orada yazıldığna görə, Benderlər Ukrayna ərazisində yaşayan, məğrur, hər qanunla razılaşmayan, üsyankar bir tayfa (etnik qrup) olublar. Elə bu xüsusiyyətlərinə görə də rus çarının qəzəbinə tuş gəlmiş, Ukrayna ərazisindən Gürcüstana, Kolxida vadisinə sürgün edilmişlər.Təxminən 17,18-ci əsrlərə aid mövzudur. Bəs onların sonrada cənuba doğru gəlib, indiki Qazax ərazisində məskunlaşmağına dair məlumat  yoxdur, heç yaxınlaşanı da yoxdur. Olsaydı da, o tayfanın "musurman”-lar içində, din,dil, adət dəyişib "ərimələri” mümkün olmazdı. Axı məğrur, dilbilməz, imantanımaz olduqlarını tarix yazmışdı.Bu ola bilməzdi.

İkinci dəfə "bender”-lər haqqında nisbətən dəqiq məlumata bu yaxınlarda virtual ensiklopediya olan  Vikipediya-da (Wikipedia) rast gəldim. İranın şimalında, BENDER TÜRKMƏN (farsca "Bandar-e Torkoman”) adlanan şəhər varmış. Gülüstan əyalətinin mərkəzi sayılan bu şəhər Xəzər dənizinin cənubunda, Türkmənistan sərhəddinə yaxın, tam sahildə yerləşir. Əhalisi türkmənlərdir. Yarı türkcə,yarı farsca danışırlar. İslamın sünni –hanifilik məzhəbini mənimsəyiblər. Musiqi alətləri saz və zurnadır. Geyimləri fars geyim üslübündan fərqlidir. Məşğuliyyətləri əsasən, heyvandarlıq, əkinçilik, kürü tədarükçülüyü və atçılıq olub (artıq internet dünyasındayiq-məlumatlar oradandır).

Bəs burada yaşayan türkmənlərin Azərbaycana,xüsusiylə də Qazağa- Daş Salahlıya köçüb məskunlaşma ehtimalı varmı? Ən azı "bender” kəlməsinin Daş Salahlıya buradan sıçrama mümkünlüyü ağlabatandırmı?

Həm Səfəvilər, həm də Qacarlar dövründə Qazax –Borçalı ərazində yaşayan yerli əhalinin, kütləvi şəkildə, geo-siyasi məqsədlərlə Cənubi Azərbaycana köçürüldüklərini bəzi tarix araşdırıcılarımızdan oxumuşuq. Əslən Qazaxdan olan tədqiqatçı-jurnalist İsmail Umudlunun "Salahlı Eli” adlı kitabını oxuyanlar bu köçürülmələr haqqında daha dəqiq bilirlər. Xüsusən, Osmanlılara qarşı ehtiyyat tədbiri kimi (sünnilikdən dolayı könüllü tərəf dəyişmə ehtimalına qarşı) həyata keçirilən zorla köçürülmələr nəticəsində sayları 10 minlərlə olan həmin sakinlər indiki İranın şimalına və şimal şərqinə yerləşdirilmişdilər. Təbii ki, köçürülmənin üzərindən illər keçdikdən və siyasi vəziyyət dəyişdikdən sonra həmin sakinlər öz yurdlarına dönməyə çalışmışlar. Bunu bacaranlar da, bacarmayanlar da vardı. Bu xətt ilə ehtimal etmək olar ki, geri köç edən zaman onlara bender türkmənlər də qoşulmuş olsunlar. Tərəkəmə türkmənlər heyvandarlıq üçün əlverişli, yeni ərazilərə həmişə can atıblar. Əlbətdə biz bunu ancaq ehtimal edə bilərik.

Başqa maraqlı bir məqam da var. Yuxarıda adından bəhs  etdiyimiz şəhərin - Türkmən Limanı (Bandar-e Turkoman) şəhərinin lap  yaxınlığında yerləşən ada Aşuradeh adası adlandırılır. Mənası təxminən "Aşur Obası" deməkdir. Nə hikmətli bənzərlikdirsə, Daş Salahlı kəndinin 2/3-lik bir  hissəsi də "Aşırlı" adlanır. Əvvəllər Daş Salahlı kəndinə bitişik olmayan, Avey dağın ətəyində ayrıca məskumlaşdırıldığı iddia edilən  Aşırlı sakinləri (kənd olmayıb) Sovet hakimiyyəti qurulmasından sonra Daş Salahlıya bitişdirilib. 

Təəssüf ki, yazdıqlarımı əsaslandıracaq hər hansı bir yazı, dəlil sübut yoxdur (hələki yoxdur). Ancaq Daş Salahlıdakı "bender” ifadəsinin azacıq da olsa aydınlana bilməsi üçün iki ehtimal arasında seçim etməli olsaydım Gürcüstana sürgün edilmiş ukraynalı benderlerdən daha çox, İrandan buralara köç etmiş bender türkmənlər ehtimalına üstünlük verərdim- oxşar dil, din, məzhəb,məşğuliyyət, geyim, musiqi alətləri və köçürülmənin verdiyi dəstəklə.

Qeyd: Fars dilindən bir isim olaraq " bəndər” (bender-لیمان) sözünün mənası "liman”-dır. Bundan başqa, "Bəndər” oğlan uşaqlarına verilən addır.

Nicat Novruzov