Şəfəqə Doğru » Araşdırma » Qlobal hesabatda Azərbaycan şagirdləri haqda maraqlı məqamlar

Qlobal hesabatda Azərbaycan şagirdləri haqda maraqlı məqamlar

Qlobal hesabatda Azərbaycan şagirdləri haqda maraqlı məqamlar

Ötən həftə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən yayınlanan təhsil haqqında beynəlxalq hesabatda Şərqi Avropa ölkələri (xüsusən, Moldova, Ukrayna və Gürcüstan) və Azərbaycan haqqında da maraqlı məqamlara toxunulur. Qeyd edək ki, təşkilatın PİSA (Beynəlxalq Şagird Qiymətləndirmə) proqramı dünyanın 80 ölkəsində aparılan təhsil sistemlərinə aid sorğularla şagirdlərin təhsildəki uğur və motivasiyalarını təhlil edir. Bu tipli araşdırmalar ölkələrin gəncliyini anlamaq üçün də ciddi məlumat qaynağı sayıla bilər.

Ölkəmizlə bağlı bir neçə müsbət nəticədən danışmaq olar. Birinci yaxşı xəbər budur ki, Universitet təhsili almaq istəyən gənclərin nisbəti inkişaf etmiş ölkələrin ortalamasını belə üstələyir. Bu nəticə elə qonşu Gürcüstanda da müşahidə olunur. Ölkəmizdə hər 5 şagirddən 4-ü universitet təhsili ala biləcəyinə tam inanır. Ölkəmizin gəncləri təhsildə özünəinam və həyacana dözüm göstəricilərində inkişaf etmiş ölkələrdəki gənclərdən daha ürəyaçan mövqeyə sahibdirlər. Eləcə də, təəccüblü də deyil ki, ailələrin təhsilə dəstəyi ölkəmizdə güclüdür və bu da hesabatda qeyd edilir. 

Məslək seçimlərindəki meyllərdə diqqət çəkən məqam odur ki, informasiya və kommunikasiya texnologiyalarına bizdəki maraq dünyakı meyllərdən aşağıdır, halbuki Gürcüstan, Ukrayna və Moldova da dünyadakı tendensiyanı izləyir. Bunun əksinə, bizim ölkənizdə məhz tibb təhsili almaq istəyən şagirdlərin sayı daha sürətlə artmaqdadır. Bu parametrdəki artışa görə Azərbaycan şagirdləri dünya üzrə ön sıralarda yer alırlar. Bir başqa sevindirici hal isə şagirdlərdə dözümlülük göstəricisinin yüksək olmasıdır. Burada söhbət imkanların məhdud olması halında belə, təhsilini uğurla davam etdirmə bacarığından və uğursuzluğa məruz qalma qorxusunun azlığından gedir. Bəyənərək qeyd edə biləcəyimiz məlumatların arasında Azərbaycan qızlarının həm dəqiq fənlərdə, həm də oxuyub anlama bacarığında oğlanlardan daha uğurlu olmasıdır. Yəni, gənclərimizin təhsilə münasibətində demək olar ki, cinsi ayrı-seçkilikdən söz gedə bilməz. Proqramda iştirak edən 80 ölkənin yalnız 17-sində riyaziyyat üzrə qızların oğlanlardan daha yaxşı nəticə göstərdiyi müşahidə olunur və bunlardan biri Azərbaycandır. 

Bu arada, yeniyetmələrdə müəllimlik məsləyinə həvəsin ciddi azalması da nəzərə çarpır. Üstəlik, sorğuda iştirak edən şagirdlər həm də, elə müəllim çatışmazlığından şikayətçidirlər. 

Ümumi baxışda şagirdlərimizin nəticələri proqrama qatılan digər Şərqi Avropa ölkələri olan Moldova və Ukraynadan geridə görünür, Gürcüstanı isə bəzi sahələrdə üstələyir. Nəzərə almalıyıq ki, sorğuda yalnız Bakı məktəbləri iştirak etmişdir, bu da ümumi mənzərə haqda daha bədbin güman yaradır. Təsəlli verən detal odur ki, riyaziyyat üzrə baza bilikləri yetərsiz olan şagirdlərin sayı digər ölkələrlə müqaisədə hələ qənaətbəxşdir. Ancaq, təbiət elmləri və oxuyaraq təhlil etmə bacarığında Gürcüstandan belə geridə qalırıq. Buna baxmayaraq, ölkəmizin şagirdləri Meksika, İndoneziya, Tailand, Peru kimi ölkələrlə müqaisəyə gələ bilən səviyyəyə sahibdir. Yəni ruhdan düşməyə dəymir. 

O da bəlli olur ki, qonşu Gürcüstan, Moldova və Ukraynada məcburi təhsil ölkəmizdəkindən daha uzunmüddətli imiş. Ümumiyyətlə, inkişaf etmiş ölkələrin əksəriyyətində minimal təhsil ortalama 10 il olduğu halda, geri qalmış və yeni inkişafda olan ölkələrin çoxu, bizdəki kimi, 9-ca il məcburi təhsil verir. Büdcə faktorunu da qeyd etmək lazımdır. Araşdırmada o da görünür ki,  Azərbaycan şagird başına düşən xərclərə görə Moldova və Ukraynadan geridə, Gürcüstandan isə yaxşı vəziyyətdədir.

Hesabatda o da göstərilir ki, şagirdlər gündəlik həyatlarından və müəllim-şagird münasibətlərindən digər ölkələrdəkinə nisbətən daha az məmnun olduqlarını deyirlər. 

Nəhayət, heç gözlənilmədiyi halda, təəccüb yaradan nöqtə odur ki, gənclərimizin arasında sinifdə tənhalıq hissi geniş yayılmışdır və digər Avropa Şərq Tərəfdaşlığı ölkələrindən (Gürcüstan, Ukrayna və Moldova) və ümumilikdə inkişaf etmiş ölkələrdən də bu göstəriciyə görə mənfi mənada irəlidəyik. Demək olar ki, hər dörd şagirddən biri, bu problemdən əziyyət çəkir, məktəbə bağlılıq və kollektivə mənsubiyyət hissinin azlığından əziyyət çəkir. Şübhəsiz ki, bu onların peşəkar gələcəyi üçün ən vacib problemlərdən biri olacaqdır, çünki kollektivlə işləmə qabiliyyəti müasir iş həyatının ən vacib tələblərindəndir. Sonuncu məqam isə, şagirdlərin özlərini sinif mühitində təhlükəsiz hiss etmələri ilə bağlıdır. Azərbaycanlı şagirdlərin 20 %-i özlərini tam təhlükəsiz hiss etmədiklərini göstəriblər (halbuki, Estoniyada bu 5%-dir). Bu isə dərslərdə uğur qazanmaqda ciddi sədd kimi qəbul olunur. 

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, ölkəmizin PİSA proqramına qatılması alqışa layiq təşəbbüsdür və bunu davam etdirmək ölkə təhsilinə yalnız faydalı ola bilər.