Rövşən Cahangirovun adı cəmiyyətə məşhur "Maşın şou” verilişindən tanışdır. "Toy tutmaq” üçün məşhurlaşmağa can atan manıslarla eyni sırada dayanması onu az da olsa məşhurlaşdıra bildi. Ona görə yox ki, nəsə qeyri-adi hərəkət etdi, ağıllı fikir səsləndirdi. Ona görə tanındı ki, yaxşı "tələ” qurdu, eyni cinahda mübarizə apardığı silahdaşını, adı hamımıza tanış olan Əməkdar artist Elton Hüseynəliyevi yarı yolda qoydu. Axşam razılaşıb, sabah kürəyinə "xəncər sapladı”. Yarışmaya jurnalist kimi qatılan adam bir gündə dönüb oldu fəndgir şou nümayəndəsi…
Sonra dəfələrlə şəxsi həyatı ilə gündəmə gəldi. Heç vaxt yazmasa da, ondan yazanların sayəsində bir gün Əməkdar jurnalist oldu. Əmək sərf etməyə-etməyə "əməkdar” olmağın zövqünü yaşadı.
İndi mayordur. Dövlət Sərhəd Xidmətində əməlli-başlı "kök atıb”. Deyirlər, Elçin Quliyev onsuz xeyrat yemir. Xeyirdə də, şərdə də generalın yanında olur. Hətta çox adam onu DSX rəisinin mühafizəçisi zənn edir. Çox güman ki, özü də bundan xəbərdardır. Yoxsa, dünən jurnalist, DSX-nın mətbuat katibi olduğunu unudub özünü mühafizəçi kimi aparmazdı. O da var ki, heç bir mühafizəçi onun etdiyini etməz…
Nələrin baş verdiyini bilirsiniz. Bilməyənlər üçün yazıram: Noyabrın 30-da qəza nəticəsində həlak olan hərbçilərlə dünən vida mərasimi keçirilirdi. DSX rəisi, general-polkovnik Elçin Quliyev də vida mərasiminə qatılmışdı. Baku TV-nin əməkdaşı bəzi mətləblərə aydınlıq gətirmək üçün generala yaxınlaşmaq istədi. Amma bizim Rövşən buna imkan vermədi, yumruq atıb jurnalistin yolunu kəsdi. Əməkdar jurnalist adını əmək sərf etmədən aldığı üçün həmin vaxt jurnaıist peşəsinin onun gözündə bir qəpiklik qiyməti yox idi.
Tural Müseyibov Elçin Quliyevi ona görə danışdırmaq istəyirdi ki, danışmaq lazım gələndə Rövşən Cahangirov susumuşdu. Bu gün mətbuatda, sosial şəbəkələrdə çoxsaylı suallar payızda saralıb budağından qopan yarpaqlar kimi sağa-sola ona görə uçuşur ki, cənab Rövşən vaxtında həmin suallara cavab verməyib. Sən susduğun üçün bu gün hamı danışır. Mövzudan anlayışı olan da, olmayan da danışıb cəmiyyətdə xof, qorxu yarardır. Sən danışığını bilsəydin, onlar çoxdan susardı. Dünən məlum oldu ki, sən nəinki danışığını, heç hərəkətini də bilmirsən…