Şəfəqə Doğru » Manşet » "AD ONUN, İMZA MƏNİMDİR"- ƏMƏKDAR JURNALİSTLƏRİN DAVASI

"AD ONUN, İMZA MƏNİMDİR"- ƏMƏKDAR JURNALİSTLƏRİN DAVASI

"AD ONUN, İMZA  MƏNİMDİR"- ƏMƏKDAR JURNALİSTLƏRİN DAVASI

"Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev keçmiş əməkdaşı Zaur Rəsulzadəyə qarşı sərt ittihamla çıxış edib.

O özünün sosial şəbəkə hesabındakı açıqlamasında 2 il əvvələdək "Haqqın.az”da siyasət şöbəsinin müdiri olmuş Zaur Rəsuladənin yazı yaza bilmədiyini iddia edib:

"Əvvəllər, bir əməkdaşım var idi. Özü jurnalist kimi çalışsa da, imzası mənə və redaksiyamızda çalışan Natella Rüstəmovaya məxsus idi. Yəni cisim kimi redaksiyada saxlayırdım, ölü can kimi... Bəs nə edim? Redaksiyanı tam olaraq xarici müəlliflərdən formalaşdıra bilmərəm axı... Dedim, heç olmasa 1-2 dənə də azərbaycanlı cisim - ölü can kimi olsa da, redaksiyada yaşasın. Sonra bu cisim getdi özünə sayt açdı. Sayt 1 ilə yaxındır ki, fəaliyyət göstərsə də, fəqət bu cisim saytında 1 dənə də olsun yazı yazmayıb. Çünki bədbəxt yaza bilmir. Bugünlərdə cisimə tapşırıq veriblər ki, əleyhimə məqalə yazsın. Başqa müəllifə müraciət edib. Çünki yaza bilmir... Əslində, o birisi də yaza bilmir, cızmaqaradır.

Bu gündən mənə məxsus olan Zaur Rəsulzadə imzasını bərpa edirəm. Ad cisimə məxsus olsa da, imza mənimdir. Bu imza altında 100-lərlə məqalə yazmışam... Cisim etiraz etsə, bir təklifim var. 5 saat vaxt verirəm ona, yanımda, müşahidəm altında heç olmasa 3 min işarəlik bir məqalə yazsın. Yaza bilsə, ona dərhal 10 min dollar qonorar verirəm. Necədir? Şahidlik etmək istəyən varmı? 
İndi isə bir imzamı özümə qaytardım".

Eynulla Fətullayevin ittihamlarını rədd edən Zaur Rəsulzadə isə (o hazırda "Korrespondent.az” saytına rəhbərlik edir-red.) onun yalan danışdığını bildirib:


"Eynulla Fətullayevə başqa heç nə cavab verməyəcəyəm, onu yaxşı tanıyıram, ona görə də Allah hökm verəcək... dostu Telman İsmayılovun dediyi kimi, Azərbaycan atalar sözləri ilə yaşamaq lazımdır...

Açaram sandığı, tökərəm pambığı...”.

"Haqqin.az” saytı ilə artıq 2 ildir heç bir əlaqəsinin olmadığını deyən Z.Rəsulzadə keçmiş baş redaktoruna xəbərdarlıq ünvanlayıb və deyib ki, orada "Zaur Rəsulzadə” imzası ilı yazı dərc olunca, məhkəməyə müraciət edə bilər:
 

"Mən bütün yazılarımı həmişə Zaur Rəsulzadə və "Alxas İsmayılov” təxəllüsü ilə imzalamışam, bundan sonra haqqin.az saytında bu adlarla yazılar çıxsa, məhkəməyə vermək hüququmu özümdə saxlayıram...”.

Qeyd edək ki, 2020-ci ildə ölkə başçısının sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına fəxri adlar verilərkən "Haqqın.az” saytının iki əməkdaşı da siyahıda olub. Belə ki, dövlət başçısının sərəncamı ilə saytın baş redaktoru Eynulla Fətullayevə və siyasət şəbəsinin müdiri Zaur Rəsulzadəyə "Əməkdar jurnalist” fəxri adı verilib // MODERN.AZ