Şəfəqə Doğru » Manşet » BAKIDA ANA VƏ UŞAQLARININ QƏTL EDİLMƏSİNƏ GÖRƏ POLİSDƏ YOXLAMA BAŞLADILDI- "MÜDAXİLƏ ETMƏYİBLƏR" İDDİASI

BAKIDA ANA VƏ UŞAQLARININ QƏTL EDİLMƏSİNƏ GÖRƏ POLİSDƏ YOXLAMA BAŞLADILDI- "MÜDAXİLƏ ETMƏYİBLƏR" İDDİASI

BAKIDA  ANA VƏ UŞAQLARININ QƏTL EDİLMƏSİNƏ GÖRƏ POLİSDƏ  YOXLAMA BAŞLADILDI- "MÜDAXİLƏ ETMƏYİBLƏR" İDDİASI

"Bakıda qətl hadisəsinə görə polisdə xidməti yoxlamalara başlanılıb. Hadisənin nəticəsilə bağlı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək".

 

Bunu Modern.az saytına açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bakıda ana və azyaşlı övladlarının qətlilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirərkən deyib.

 

E.Zahidov qeyd edib ki, törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də xidməti yoxlamalar aparılır:

 

"Dünənki ağır faciəvi cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb. Bu hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır".

 

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb:

 

"Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın olan bir şəxsdir”.

 

Sosial şəbəkədə yayılan iddiada deyilir:

 

 "Dünən axşam bizdən 1 mərtəbə yuxarıda qalan qonşu qadın və 2 uşağı bıçaqlanaraq öldürüldü. Axşam evdən uşaqların qışqırıq səsini eşidən kimi qonşularla yığışıb qapını açmağa çalışdıq, gördük ki, bacarmırıq polisə zəng vurduq. Gələn polis əməkdaşları səsləri eşitsələr də "ailə münaqişəsidir içəri girməyə ixtiyarımız yoxdur. Siz də dağılışın burda qalmayın" deyib çıxıb getdilər. Onlar gedəndən az sonra səslər kəsildi. Biz də düşündük ki, yəqin problemi aralarında həll edə biliblər. Səhər məlum oldu ki, qadın, 15 yaşlı qızı və kiçik oğlu öz kürəkəni (bacısının yoldaşı) tərəfindən öldürüb..".