"Zənnimcə, Putinin nüvə qüvvələrini döyüşə hazır vəziyyətinə gətirmək əmri şantaj xarakteri daşıyır. Bununla Qərb ölkələrini qorxutmaq istəyir. Amma mütəxəssislər yaxşı bilirlər ki, Rusiyanın nüvə müharibəsində qələbə qazanmaq imkanı yoxdur. Üstəgəl, bu, bütün bəşəriyyəti məhvə gətirib çıxaracaq gəlişmələrə yol aça bilər. Qərb də Rusiyanın belə bir ağılsız addım ata biləcəyinə diqqətlə yanaşır və bunun qarşısını almaq üçün lazım olan bütün qərarları qəbul edirlər”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Artıq bir neçə gündür Rusiyanın Ukraynadakı işğalı davam edir. Baş verənlər barədə proqnozunuz necədir, proses hansı istiqamətə dönə bilər?
- Əvvəla, onu deyim ki, Rusiya qarşısına qoyduğu hədəflərə çata bilmədi. Rusiya "ildırımsürətli müharibə” həyata keçirəcəyini elan edərək, bir gün ərzində Kiyevi ələ keçirəcəyini bildirmişdi. Bu gün isə nə Kiyev, nə də hədəfdə olan digər iri şəhərlər Rusiya ordusunun nəzarətindədir. Əksinə, ötən günlər ərzində ruslar çox böyük itkilər veriblər, həm canlı qüvvə, həm zirehli texnika, həm müdafiə sistemləri, həm də qırıcılarını itiriblər. Bütün istiqamətlərdə Moskvanın planları alt-üst oldu. Buna görə də, danışıqlara gedə biləcəklərini açıqlayıblar.
Diqqətçəkən əsas məqam budur ki, müharibə Ukrayna miqyasını aşaraq, Ümumavropa savaşına çevrilib. Yəni bütün Avropa ölkələri Rusiyaya qarşı mübarizədə birləşiblər. Artıq Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunur, SWIFT sistemindən çıxarılıb. Eyni zamanda, ABŞ tərəfindən Rusiya Mərkəzi Bankına qarşı ciddi sanksiyalar tətbiq edilir. Rusiyanın Avropa və Amerika banklarındakı valyuta ehtiyatları və hesabları bloklanır və dövriyyədən çıxarılır. Söhbət yüz milyardlarla dollar vəsaitdən gedir. Sanksiyalardan sonra birjalar açılanda məlum oldu ki, Rusiya rublu tamamilə dəyərdən düşüb. Rubl dollarla müqayisədə bir neçə dəfə dəyərini itirib. Üstəgəl, ölkəyə yatırılmış xarici investisiyanın geri çəkilməsi prosesi davam edir. Yəni Qərbin yüksək texnologiya üzrə şirkətləri Rusiyadan çəkilirlər. Onlar Rusiya banklarındakı vəsaitlərini çoxdan çıxarmışdılar. Bir sözlə, Rusiyada ciddi iqtisadi və maliyyə böhranı baş verir.
Rusiyanın iqtisadi çöküşü fonunda Qərbdən Ukraynaya ciddi dəstək və kömək gəlir. Britaniya Baş naziri Conson xalqına müraciət edərək, könüllü dəstələr yaratmağı və Ukraynaya döyüşməyə getməyi xahiş edib. Artıq ilk könüllülər Ukrayna sərhədlərini keçib. Təkcə Britaniya yox, Fransa, Almaniya və digər ölkələrdən olan könüllülər də Ukraynaya gəlirlər. Üstəgəl, xarici ölkələrin vətəndaşları olan ukraynaəsilli insanlar da döyüşmək üçün Ukraynaya qayıdırlar. Eyni zamanda, Ukraynaya kənardan çox ciddi silah yardımı edilir. Artıq Avropa Birliyi Ukraynaya döyüş təyyarələri də verməyə başlayacaq. Bura qədər hava hücumundan müdafiə vasitələri, tank əleyhinə sistemlər və digər növ silahlar verilirdisə, artıq Rusiyanın havadakı üstünlüyünü zəiflətmək üçün qırıcı-bombardmançı tipli təyyarələr də göndəriləcək. Yaxın saatlarda bu döyüş təyyarələrinin göndərilməsinə başlanılacaq.
Zənnimcə, Putinin nüvə qüvvələrini döyüşə hazır vəziyyətinə gətirmək əmri şantaj xarakteri daşıyır. Bununla Qərb ölkələrini qorxutmaq istəyir. Amma mütəxəssislər yaxşı bilirlər ki, Rusiyanın nüvə müharibəsində qələbə qazanmaq imkanı yoxdur. Üstəgəl, bu, bütün bəşəriyyəti məhvə gətirib çıxaracaq gəlişmələrə yol aça bilər. Qərb də Rusiyanın belə bir ağılsız addım ata biləcəyinə diqqətlə yanaşır və bunun qarşısını almaq üçün lazım olan bütün qərarları qəbul edirlər.
Bir sözlə, Rusiyanın "Ukrayna macərası” fiasko ilə başa çatır. Başda Putin olmaqla Rusiya həm öz xalqının, həm də dünyanın nəzərində biabırçı duruma düşür. Bundan sonra Rusiya üçün xoşagəlməz günlərin başlayacağı qaçılmazdır.
- Putinin nüvə hədəsinə diqqət çəkdiniz, sizcə, bu mesajın arxasında hansı məqamlar var, bu, Ukrayna fiaskosunun etirafıdırmı?
- Əlbəttə, bu, həm də fiaskonun etirafıdır. Digər yandan, ruslar yeni nağıl uydurmağa başlayıblar ki, Avropa və Amerikanın hər cür kömək etməsinə baxmayaraq, Ukrayna müqavimət göstərə bilmir. Üstəgəl, Putin belə bir gülməli iddia irəli sürür ki, o, Qərb ölkələrinin mətbuat səhifələrində, eləcə də ayrı-ayrı siyasi xadimlərin dilində guya lağ obyektinə çevrilib və onun şəxsiyyətinə toxunan fikirlər səsləndirilir. Buna görə də, "Qərbin cəzalandırılması” kimi normal olmayan fikirlər dilə gətirir.
Onu da deyim ki, Rusiyanın nüvə müharibəsində də özünə həddinən artıq güvənməsi reallığı əks etdirmir. Bildiyim qədər, Qərbin nüvə qalxanı var. Bu qalxan da müasir elektronik sistemdən, kosmosda yerləşdirilmiş süni peyklərdən ibarətdir. Həmin peyklər hədəfləri uzaqdan vura bilən lazer silahları ilə gücləndirilib. Bu sistemlər Rusiyanın bütün nüvə qüvvələrini hədəfdə saxlayır. Məsələn, Putin nüvə silahlarını işə salmaq əmri versə, həmin sistemlər Rusiyanın nüvə başlıqlarını dərhal məhv etmək gücünə malikdir. Qərb dövlətləri Rusiyanın 100 nüvə raketindən 99-nu elə federasiyanın özündə partlatmaq gücünə sahibdir. Yəni 100 raketdən biri nüvə qalxanını dəlib Avropa və ya Amerika ərazilərinə düşə bilər ki, bunun da qarşısı yerindəcə alına bilər.
Bir sözlə, texnoloji cəhətdən irəlidə olan Qərb nüvə sahəsində də Rusiyanı zərərsizləşdirmək üçün tədbirlər görməyə başlayıb. Artıq bankrot olmuş, siyasi iflasa uğramış Putin ziyanın yarısından da qayıtmaq əvəzinə, vəziyyəti daha da gərginləşdirən fikirlər irəli sürür. Bununla da Rusiya və onun xalqını süqutun astanasına gətirib çıxarır. Artıq Rusiyanın ziyalıları, hərbi elitanın bəzi üzvləri və bank sektorunun nümayəndələri Putinin davranışlarını qəti şəkildə pisləyiblər. Ehtiyatda olan Zabitlər Birliyinin rəhbəri, general İvaşov Putinin istefasını və onun məhkəmədə cavab verməsi tələbini irəli sürüb. Üç yüzdən çox ziyalı və ictimai-siyasi xadim məktub yazaraq müharibənin dərhal dayandırılmasını tələb ediblər.
Hər gün Rusiyanın 50-dən çox şəhərində müharibə əleyhinə mitinqlər keçirilir. İnsanlar ölkə rəhbərliyini dərhal müharibəni dayandırmağa çağırırlar. Rusiya daxilindəki bu narahatlıq Kreml üçün təhlükə vəd edir. Çünki bu böyümə və bütün ölkəni bürümə perspektivinə malikdir. Yəqin ki, siyasi rəhbərlik bunu nəzərə almamış deyişl.
- Rusiyanın qısa müddətə Kiyevi ələ keçirib, Zelenskini devirəcəyi proqnozlaşdırılırdı, hətta Kremlin mesajları da beləydi. Bəs bu niyə baş tutmadı?
- Ruslar fevralın 24-də günün sonuna qədər Kiyevi tutaraq, orada atəşfəşanlıq etməyi planlaşdırırdılar. Çox gülməli bəyanatlar verildi, guya saat dördədək Kiyevi tutub, şam yeməyi yeyib, axşam saat doqquzda atəşfəşanlıq edəcəkdilər. Amma bu baş vermədi. Çünki Ukrayna xalqı kifayət qədər döyüşkən, cəngavər ruhlu, öz müstəqilliyini sevən və ona sahib olan insanlardan ibarətdir. Eyni zamanda, son iki ildə Ukrayna ordusu yüksək döyüş hazırlığı keçərək, yüksək səviyyəyə gətirilib. Buna görə də, Rusiya əleyhinə görülən hərbi tədbirlər öz məqsədinə çatır. Artıq Rusiya Ukrayna ərazisinə yeritdiyi hərbi texnikaların üçdə iki hissəsini itirib. Eyni zamanda, Rusiyanın canlı qüvvə itkisi daha böyükdür, bunun dəqiq siyahısını aparmaq mümkün deyil, amma hərbi mütəxəssislərə görə, döyüşlərdə ölmüş rus hərbçilərinin sayı 10 minə yaxınlaşır. Təkcə Kiyev üzərində vurulmuş iki "İl-76” təyyarəsində 600-ə qədər desant vardı.
Eyni zamanda, videogörüntülərdən də məlum olur ki, Rusiyanın Ukraynaya göndərdiyi tanklar kifayət qədər köhnədir. Bu tankların texniki göstəriciləri heç minimum tələblərə də cavab vermir. Ordunun təchizatı da fəlakətli səviyyədədir. Bir çox hərbi texnika və tank yarı yolda qalırdı. Çünki bunların yanacaqla təmin olunması qaydasında deyil. Üstəgəl, Ukrayna ordusu onlara yanacaq və qida daşıyan vasitələri sıradan çıxarır. Belə məlumat da var ki, bəzi tanklar yanacağı yerə tökərək, döyüşdən yayınırlar. Rus ordusunun mənəvi-psixoloji və ruhi hazırlıq səviyyəsi çox aşağı səviyyədədir. Habelə rus ordusunda bu avantüranı qəbul etməyən və Ukraynaya açıq sevgilərini ifadə edərək, təslim olan hərbçilər də var.
Bir sözlə, Putinin bu avantürası "bumeranq effekti” ilə qayıdıb özünə dəyir. Ölkəyə tətbiq edilən sanksiyaların gətirəcəyi böyük zərərləri də hesablasaq, deyə bilərik ki, Rusiya öz qiyaməti ilə üzləşib, keçən hər gün bu fəlakəti daha da böyüdür.