"Azərbaycan və Ermənistan arasında Brüssel görüşündən sonra Rusiya prezidenti Vladimir Putinin Paşinyana zəngi, həmçinin Lavrovla Mirzoyanın Moskva görüşündə verilən mesajlar Kreml tərəfindən prosesin sabotaj edilməsinə hesablanıb”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh danışıqlarının, sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılmasına qarşıdır:
"Moskva çalışır ki, iki ölkə arasında birbaşa təmas olmasın və yalnız onun vasitəçiliyi ilə proses davam etsin. Bu da prosesin müddətsiz uzanmasına gətirib çıxarır. Bu reallıqla Azərbaycan razılaşmayacaq. Həmçinin Türkiyə də Rusiyanın davam edən nəticəsiz "vasitəçiliyini" qəbul etməyəcək. Məhz Kreml Brüssel görüşündə əldə olunan razılaşmaların Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsində maraqlıdır. Ermənistana ciddi təzyiqlər edilərək, Azərbaycanla əldə olunan razılaşmaların yerinə yetirilməməsinə çalışır”.
Politoloq qeyd edib ki, Rusiyanın bu siyasəti effektli olmayacaq:
"Brüssel razılaşmalarının yerinə yetirilməməsi üçün Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək. Aprelin sonuna kimi sərhədlərin delimitasiya və demarkasiyası üçün ikitərəfli komissiya baş tutmasa, bu Yerevanın əleyhinə olacaq. Rusiya rəhbərliyi növbəti dəfə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşünü təşkil edə bilər. Ukrayna müharibəsi fonunda təzyiqlərlə üzləşən Rusiya rəhbərliyi üçün yeni bir proses başlayarsa, Ermənistana təzyiq edib sülh müqaviləsinin bağlanmasına töhfə verərsə, Cənubi Qafqazda öz imicini bərpa edə bilər”.