Şəfəqə Doğru » Manşet » “Sahibkarlar, biznesmenlər gənclərin tərbiyyəsini pozurlar” - Azərbaycan gənci niyə işsiz qalır?

“Sahibkarlar, biznesmenlər gənclərin tərbiyyəsini pozurlar” - Azərbaycan gənci niyə işsiz qalır?

“Sahibkarlar, biznesmenlər gənclərin tərbiyyəsini pozurlar” - Azərbaycan gənci niyə işsiz qalır?
Azərbaycanda tələbə və gəncləri rəsmi şəraitdə, əmək müqaviləsi və normal əməkhaqqı ilə təmin edən yarımştat işlər demək olar ki, yoxdur. Könüllülük və təcrübə proqramları altında minlərlə gənc istismar edilir. Bir qədər şanslı gənclər də 100-150 azn maaşlı vakansiyalarla barışmalı olurlar. Göstərilən məbləğ isə rayondan gəlmiş, Bakıda tək yaşayan və ya işləmək məcburiyyətində olanlar üçün gündəlik qida, nəqliyyat, eləcə də kommunal ehtiyaclarını qarşılamır. Dia.az-ın məlumatına görə, politoloq Cümşüd Nuriyev Bizim.Media-a açıqlamasında bildirib ki, hazırda bir müəllim kimi tələbələrin yaşadığı problemlərlə iç-içəyəm.

İşləmək məcburiyyətində olan tələbələrlə formalaşan əmək münasibətlərində qüsur var:

"Mən dərs dediyim tələbələrdə görürəm ki, bu uşaqlar həm işləməli, həm də oxumalıdır. Gənclərə verilən əməkhaqqı da çox aşağıdır. Bəzi sahibkarlar həddən artıq görməmişlik edirlər, gənclərə imkan vermirlər. Gənclər müxtəlif şadlıq sarayları, restoranlar, barlar, kafelərdə işləmək məcburiyyətində qalırlar”.

Ekspert sahibkarlar, biznesmenlərin eyni zamanda gənclərin tərbiyyəsini də pozduğunu bildirib:

"Milli dəyərləri çox aşağılayırlar ki, bu yolveriləsi hal deyil. Bununla Nazirlər Kabineti məşğul olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Təhsil nazirliyi ilə birgə bu proqram hazırlanmalıdır. Oxuyan gənclərin bu və ya digər formada işlə təmin olması həyata keçirilməlidir”.

Cümşüd Nuriyev başqa bir məqama da toxunub, qeyd edib ki, universitet qutaran gəncləri heç kəs işə götürmür, deyirlər təcrübən yoxdur:

"Bəs bu nə zaman əmək təcrübəsi qazanmalıdır? Müəyyən yaşdan da sonra deyirlər ki, sən artıq qocalmısan. Elə bil ki, bu insanlar nə gənc vaxtı heç kəsə lazım deyil, nə də 50 yaşdan sonra. Bu ölkədə 35 yaşına kimi deyirlər gəncsən, 50-dan sonra da deyirlər qocalmısan. Cəmi 15 il işləməklə insan heç bir problemini həll edə bilmir. Nə pensiya, nə digər problemləri...”

Politoloq müəllim vurğulayıb ki, əslində bu problemin həllində xüsusi proqrama ehtiyac var. Gəncləri təcrübə qazanmaq üçün işlərə cəlb etmək lazımdır, sadəcə bir necə gənci layiq oldu, olmadı vəzifəyə gətirməklə "gəncləşdirmə” siyasəti olmaz:

"Orta təbəqə gənclik geniş şəkildə işlə təmin olunarsa, gəncləşmə və təcrübəli kadrların yetişməsi baş verəcək. Bu siyasətin əsası qoyulub, var, amma yerlərdə məmurlar bunu davam etdirmirlər. Bir neçə "plakat nümunə” göstərməklə gəncləşmə olmur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Təhsil nazirliyi, Mədəniyyət nazirliyi, Gənclər və İdman nazirliyi, Dövlət Turizm Agentliyi, bu tip nazirlik və komitələr, həmçinin digər Nazirlər Kabinetinin nəzdində olan agentliklər bu məsələyə fikir verməlidir. Bu sahədə ən yaxşı təcrübə ASAN Xidmətdədir, amma könüllülük də müəyyən həddə qədərdir”.