Şəfəqə Doğru » Manşet » “Türkiyə ilə danışıqlar diplomatik nümayəndəliklərin açılmasını nəzərdə tutur” - Rubinyan

“Türkiyə ilə danışıqlar diplomatik nümayəndəliklərin açılmasını nəzərdə tutur” - Rubinyan

“Türkiyə ilə danışıqlar diplomatik nümayəndəliklərin açılmasını nəzərdə tutur” - Rubinyan

Yaxın vaxtlarda Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinin növbəti görüşü keçirilə bilər.

Shafaqadogru.com  xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. O, məsələ ilə bağlı mövcud vəziyyət  barədə danışıb.


Rubinyan xatırladıb ki, bir müddət öncə Vyanada üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanları, eləcə də iki dövlət arasında hava yük daşımalarının təşkilinə dair razılıq əldə olunub.

"Bu, ilk razılaşmadır. Və belə çətin prosesdə ilk razılaşma ən çətin olanıdır. Tez həyata keçirilərsə, tərəflər arasında etimadın səviyyəsini artırır. Əgər bu baş verməsə, o zaman inam səviyyəsi azalır. Ona görə də sazişin bu yay və ya turizm mövsümü başa çatmamış həyata keçirilməsini məntiqli hesab edirəm. Qalanı iki ölkə rəsmilərinin işindən və təbii ki, siyasi iradədən asılıdır”.


R.Rubinyan deyib ki, yaxın vaxtlarda siyasi razılaşmaların icrasının texniki detallarının müzakirəsi üçün tərəflərin görüşü olacaq.

O, Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında iyulun 11-də baş tutan telefon danışığına da toxunub. Deyib ki, bu söhbətlə bağlı razılıq onun vasitəsilə əldə olunub.


Vitse-spiker deyib ki, Ermənistan nəinki təkcə sərhədi açmağa, ilkin şərt olmadan diplomatik münasibətlər qurmağa hazır olduğunu bəyan edib və bu istiqamətdə ortaya siyasi iradə qoyub.


"Bu nizamlanma prosesinin uğuru Türkiyənin siyasi iradəsindən asılıdır, çünki Ermənistan öz mövqeyini açıq şəkildə nümayiş etdirir”.


R.Rubinyanın sözlərinə görə, xüsusi nümayəndələrin görüşündə  Ermənistan-Azərbaycan arasında komunikasiyaların açılması məsələsi müzakirə olunmur.


Gümrü-Qars dəmir yolunun açılması mövzusuna toxunan xüssusi nümayəndə bildirib ki, danışıqlarda hələ bu mərhələyə çatılmayıb:

"O yol regional kommunikasiyaların ən mühüm elementidir. Ümid edirəm ki, növbə bu suala da gələcək. Ermənistan Türkiyə ilə kommunikasiyaların bərpası ilə bağlı istənilən müzakirələrə hazırdır. Yenə nizamlanma ilə bağlı digər məsələlərdə olduğu kimi, burada da uğur Türkiyənin siyasi iradəsindən asılıdır”.


R.Rubinyan deyib ki, siyasi səviyyədə sərhədin açılması ilə bağlı razılaşma var. Texniki detallar (məsələn, bunun tam olaraq harada edilə biləcəyi, digər suallar) yaxın vaxtlarda baş tutacaq müzakirələrin mövzusudur.


Ermənistan-Türkiyə prosesinə Rusiyanın necə münasibət bəslədiyi barədə suala Rubinyan belə cavab verib:


"Bu proses çərçivəsində ilk görüş Moskvanın köməyi ilə baş tutub. Rusiyalı həmkarlarımız istər rəsmi, istərsə də qeyri-rəsmi olaraq bu prosesə hər zaman dəstək və hər cür kömək etməyə hazır olduqlarını bildiriblər. ABŞ və Avropa İttifaqından da dəstək var”.
 

Xüsusi nümayəndələrin İrəvan və ya Ankarada görüşlərinin keçirilməsinin mümkünlüyünə toxunan R.Rubinyan deyib ki, növbəti iclasın mövzusu və yeri hələ müzakirə olunmayıb.


Diplomatik nümayəndəliklərin açılması məsələsinə toxunan xüsusi nümayəndə belə deyib:


"Təəssüf ki, biz hələ bu həddə çatmamışıq. Nəzəri cəhətdən hesablaşma həm mərhələli, həm də mürəkkəb ola bilər. Amma istənilən ssenaridə proses diplomatik münasibətlərin qurulmasını, yəni ilk növbədə diplomatik nümayəndəliklərin açılmasını nəzərdə tutur”.