Şəfəqə Doğru » Manşet » Saakaşvili Ukrayna müharibəsində iştirak etmək istəyir

Saakaşvili Ukrayna müharibəsində iştirak etmək istəyir

Saakaşvili Ukrayna müharibəsində iştirak etmək istəyir

Vətənində həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müraciət yayaraq Ukraynadakı müharibədə iştirak etmək arzusunu bəyan edib.


Shafaqadogru.com  xəbər verir ki, Saakaşvilinin sosial şəbəkədəki müraciətində deyilir:


"Mən Gürcüstanda məhbusam, amma ürəyim Ukraynadadır. Ukraynaya azadlıq istəyirəm və birbaşa mübarizədə iştirak etmək arzusundayam. Əminəm ki, ukraynalılar məni yaxşı xatırlayırlar".

Eks-prezident 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Siyasətçi bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Birinci halda Saakaşvili üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, "İmedi” televiziya şirkətinin talan edilməsi və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində təqsirləndirilən şəxsdir – bunlara hələ də məhkəmələr baxır.

Baş nazir İrakli Qaribaşvili Saakaşvilinin uzun müddət həbsdə qalacağını bildirib.


Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun dövründə Saakaşvili qısa müddət ərzində Odessa vilayətinə rəhbərlik edib, sonra isə vəzifəsindən uzaqlaşdırılıb.
2017-ci il iyulun sonunda Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Siyasətçi Vladimir Zelenskinin dövründə ikinci dəfə Ukrayna pasportu alıb.