Shafaqadogru.com xəbər verir ki, bu fikirlər Bərdədən olan millət vəkili Fatma Yıldırımın sosial şəbəkə hesabından etdiyi paylaşımda əksini tapıb. Deputat qeyd edib ki, məişət tullantıları poliqonunun insanların sıx məskunlaşdığı ərazidə, yaşayış məntəqələrinə çox yaxın məsafədə yerləşməsi rayon sakinlərinin haqlı narazılığına səbəb olub:
"Məlumdur ki, məişət tullantıları kütləvi infeksiya mənbəyi hesab olunur, həmçinin, ekologiya və ətraf mühitin çirkləndirilməsinə səbəb olur. Bərdə şəhərinin yaxınlığında yerləşən poliqonda mütəmadi olaraq tullantıların yandırılması ilə yaranmış xoşagəlməz vəziyyət, ətrafa yayılan dözülməz qoxu və tüstü rayonda yaşayan 150 mindən çox əhalini ciddi sağlamlıq problemləri ilə üz-üzə qoyur. Bununla yanaşı rayon ərazisi üzrə məişət tullantı konteynerlərinin çatışmazlığı əlavə konteynerlərin qoyulması ehtiyacı da yaranıb. Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə, müvafiq qurumlara dəfələrlə rəsmi məktubla müraciətlər etsək də, yaranmış bu vəziyyət hələ də öz həllini tapmayıb”.
Fatma Yıldırım ümid etdiyini bildirib ki, aidiyyatı orqanlar yaranmış problemin həll olunması istiqamətində müvafiq köməkliyi göstərəcəklər.