Şəfəqə Doğru » Manşet » Hansı ölkələr Azərbaycandan qaz istəyir? - Ən azı 7 milyard dollar qazanc

Hansı ölkələr Azərbaycandan qaz istəyir? - Ən azı 7 milyard dollar qazanc

Hansı ölkələr Azərbaycandan qaz istəyir? - Ən azı 7 milyard dollar qazanc

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra təbii qaz problemi ilə üzləşən Avropa ölkələri Azərbaycana üz tutmağa başlayıblar. Artıq 10-dan artıq ölkə qaz almaq üçün Azərbaycana rəsmi müraciət ünvanlayıb.

Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı bu mövzuya toxunaraq, ətraflı məlumat verib. Dövlət başçısı təbii qaz məsələsinin avropalıların gündəliyində duran ən aktual məsələlərdən biri olduğunu söyləyib.

"Rusiya-Ukrayna müharibəsi başlayandan biz qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq. Burada bizdən bu vaxta qədər onsuz da qaz alan ölkələr də var – Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digərləri", - Prezident deyib.

Dövlət başçısı çıxışında vurğulayıb ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib:

"Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var".

Hansı ölkələr Azərbaycandan qaz almaq istəyir?

Bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyanın Avropanı qazla təhdid edərək imtahana çəkməsi Azərbaycan qazına olan marağı xeyli artırıb.

Onun sözlərinə görə, cənubi Avropa və Balkan ölkələri, Yunanıstan, Bolqarıstan və İtaliya kimi ölkələr Azərbaycan qazına böyük maraq göstərirlər. Xüsusilə də, Balkan yarımadasındakı bir neçə ölkənin Rusiya qazından asılılığı kifayət qədər yüksək olduğundan onlar ümidlərini Azərbaycana bağlayıblar.

İqtisadçı bildirib ki, Azərbaycan qazına marağın kəskin artması ölkəmizin geosiyasi önəmini artırır:

"Bu amil Azərbaycanın geosiyasi önəmini artırmaqla yanaşı, həm də Azərbaycana maddi daxilolmaların miqdarını xeyli artırır. Bu il artıq Azərbaycan qazdan daha çox qazanc əldə etməyi düşünür. Qeyd etmək lazımdır ki, cari ilin birinci rübündə ilk dəfə olaraq qazdan daxilolmalar, neftdən daxilolmaları üstələyib. Belə ki, bu il qazdan daxilolmaların təqribən 6-7 milyard dollar civarında olması planlaşdırılır”.