Şəfəqə Doğru » Manşet » Trampın seçkilərdə məğlub olandan sonra hakimiyyəti ələ keçirmək planı - ABŞ Konqresi açıqladı

Trampın seçkilərdə məğlub olandan sonra hakimiyyəti ələ keçirmək planı - ABŞ Konqresi açıqladı

Trampın seçkilərdə məğlub olandan sonra hakimiyyəti ələ keçirmək planı - ABŞ Konqresi açıqladı
6 yanvar 2021-ci il tarixdə Kapitoliyə hücumun araşdırmasını həyata keçirən ABŞ Konqressinin Nümayəndələr Palatasının xüsusi komitəsi (və ya "6 Yanvar Komitəsi") artıq doqquz ictimai dinləməni keçirib. Bu müddət ərzində komitə, Trampın və komandasının 2020-ci il prezident seçkilərindən sonra hərəkətlərinin xronologiyasını yenidən yaradıb. Hadisələr göstərir ki, Tramp seçkilərin nəticələrini tanımaq haqqında belə düşünməyib, onları ləğv etməyə çalışıb və sonda etirazçıları Kapitoliyə basqın etməyə ruhlandırıb (və hətta ona rəhbərlik etməyə cəhd edib, lakin sükan arxasında olan xüsusi xidmət orqanlarının əməkdaşları onu Kapitoliyə aparmaqdan imtina ediblər). 

Politoloq, "One Big Union” Teleqram kanalının müəllifi Yan Veselov " 6 yanvar komitəsi”nin bir ildən çox işlədiyi müddətdə dəqiq nəyi öyrənə bildiyi və Trampın seçkilərdə məğlub olandan sonra hakimiyyəti ələ keçirmək planı barədə "Meduza”ya danışır.

Həmin yazının tərcüməsini sizə təqdim edirik.  

Oktyabrın 13-də ABŞ Konqressinin Nümayəndələr Palatasının 6 yanvar 2021-ci il tarixdə Kapitoliyə hücumunu araşdıran xüsusi komitəsinin doqquzuncu və ehtimal ki, yekun ictimai dinləməsi baş tutdu. Bu, konqresmenlərin uzun müddət davam edən araşdırmasının kulminasiya nöqtəsi idi, bu müddət ərzində mindən çox şahid dindirildi, yüz mindən çox sənəd tələb olundu və araşdırıldı, o cümlədən xüsusi xidmət orqanlarının sənədləri sorğulandı və öyrənildi. Komitə gözlənilmədən bu hadisələrdə əsas (və Tramp üçün mənfi) rol oynamış, seçicilərin səslərini mübahisələndirməyərək və bununla da Trampın qalib gəlmə şansını məhv edən keçmiş vitse-prezident Mayk Pensi ifadə verməyə dəvət etmədi. Bununla belə, komitə üzvləri yekdilliklə Donald Trampa Kapitoliyə hücumla bağlı dinləmələr üçün çağırış vərəqəsi göndərdilər: onlar keçmiş prezidentdən həm bəzi sənədlər, həm də ifadə almaq istəyirlər.

Komitənin qənaətinə görə, 2020-ci ilin noyabrından 2021-ci ilin yanvarına qədər baş verənlərin mənzərəsi belə olub:

* Tramp əvvəlcədən qalib gələ bilməyəcəyi təqdirdə seçkinin nəticələrini tanımayacağı barədə qərar verib;
* Məhkəmələrdə seçkinin nəticələrini mübahisələndirə bilmədiyindən sonra Tramp qanunu pozmağa qərar verib - federal və ştat rəsmilərinə təzyiq göstərmək, "alternativ seçicilər” sxemindən istifadə etmək, sonra isə səslərin hesablanmasını pozmağa cəhd edib;
* Bu cəhdin nəticəsi olaraq 6 yanvar iğtişaşları və Kapitoliyə hücum olub.

Komitənin sədr müavini, respublikaçı Liz Çeyni bildirib ki, Trampın prezident seçkilərinin nəticələrini dəyişdirmək üçün yeddi bəndlik planı olub. Onların hər biri ilə bağlı komitədə şahidlərin iştirakı ilə ayrı-ayrılıqda dinləmələr keçirilib. Dekabrda onların hamısı komitənin araşdırmanın nəticələrinə dair hesabatında ətraflı işıqlandırılacaq. Lakin ittihamın əsas məqamları artıq bəllidir.

Trampın seçkilərdə məğlub olandan sonra hakimiyyəti ələ keçirmək planı:

Birinci bənd: Tramp 2020-ci il prezident seçkilərində məğlub olduğunu yaxşı bilirdi, lakin kütləvi saxtakarlıq haqqında yalan danışmağa davam etdi.



Komitənin mövqeyi ondan ibarətdir ki, Tramp seçkilərin nəticələrini tanınmamaq qərarını onlar baş tutmamışdan xeyli əvvəl verib.

Artıq 2020-ci ilin aprelində (seçkilər 2020-ci il noyabrın 3-də keçirilib) o, ilk dəfə poçt səsverməsinə etibar edilə bilməyəcəyini (baxmayaraq ki, özü dəfələrlə poçt vasitəsilə səs verib) və yalnız saxtakarlıq nəticəsində uduzacağını bildirib. Trampın təyin etdiyi baş prokuror Uilyam Barr bildirib ki, prezident ilk dəfə olaraq saxtakarlıq haqqında artıq baş vermiş hadisə kimi seçki gecəsi danışmağa başlayıb və yalnız ona əsaslanıb ki, əvvəlcə respublikaçıların üstünlüyü olub, sonra isə həmin üstünlük azalmağa başlayıb. Trampa bunun baş verəcəyi barədə əvvəlcədən xəbərdarlıq edilmişdi, çünki poçt səsverməsinin nəticələri seçki məntəqələrində səsvermənin nəticələrindən gec bilinir, ona görə də hadisələrin bu inkişafı əslində proqramlaşdırılmışdı.
____________________

Qısa arayış: Buna "qırmızı ilğım effekti" də deyilir. 

Respublikaçılar poçtla səsverməyə qarşı kampaniya aparıblar, onların seçiciləri əsasən şəxsən, demokratlar isə poçtla səs veriblər. Əvvəlcə seçki məntəqələrindəki bülletenlər sayılıb və üstünlük illüziyası yaranıb, sonradan hesablanmış poçt bülletenləri isə bu üstünlüyü azaldıb.
____________________

Seçki gecəsi yekun nəticələri gözləmədən, seçki kampaniyasının meneceri Bill Stepien ona açıq şəkildə hələ tez olduğunu desə də Tramp özünü qalib elan edir. Seçki kampaniyasının ekspertlərindən biri hətta bütün mövcud məlumatlara görə Trampın uduzacağının aydın olduğunu iddia edib. Şahidlərin bildirdiyinə görə, bütün məlumatlara baxmayaraq, prezident onlara deyil, həmin gecə kifayət qədər sərxoş olan vəkili Rudi Culianinin məsləhətinə qulaq asmaq qərarına gəlib. Sonrakı günlərdə kampaniya heyəti qalib gəlmək şanslarının yalnız azaldığını israr etməyə davam etsə də, Tramp onları dinləmək istəməyib.

Nəinki seçki qərargahının əməkdaşları, hətta ixtisaslı hüquqşünaslar da prezidentə onun kütləvi saxtakarlıqda ittihamlarının əsassız olduğunu bildiriblər. Bu, yalnız ona gətirib çıxardı ki, Tramp onları özündən uzaqlaşdırdı, özünün yanında yalnız onunla razılaşanları, məsələn, bir pozuntu halını belə sübut edə bilməyən Culiani və vəkil Sidni Pauelli (o iddia edirdi ki, Trampın seçkiləri Uqo Çaves dövründə Venesuelada seçkiləri manipulyasiya etmək üçün yaradılmış səsvermə maşınları vasitəsilə oğurlanıb.) saxladı. 

Sonra Ağ Evin hüquqşünasları və baş prokuror Barr özü də işə qoşulmalı oldu, o, Trampa üç dəfə izah edib ki, saxtalaşdırma ittihamları üçün heç bir əsas yoxdur və Ədliyyə nazirliyi prezident üçün siyasi alət ola bilməz. Ədliyyə nazirliyinin rəhbərliyinin rəsmiləri Ceffri Rozen və Riçard Donohyu da şəxsi söhbətlərində bu yanaşmanın əsassızlığını və mənasızlığını prezidentə çatdırmağa çalışıblar.

Şahid ifadalərinə əsasən, Trampın qələbəyə qətiyyən əmin olmadığını nəzərə alsaq, onun inadkarlığı daha da qəribə görünür. Xüsusilə, prezident administrasiyası rəhbərinin köməkçisi Kessidi Hatçinson xatırlayır ki, Ali Məhkəmə Trampın seçki pozuntuları ilə bağlı iddiasını rədd etdikdən sonra Tramp işlər müdiri Mark Medouza "insanların məğlub olduğumuzu bilməsini istəmirəm, Mark. Bu, çox utancvericidir, bununla məşğul ol” deyib. Trampın keçmiş köməkçisi və Ağ Evin strateji kommunikasiyalar direktoru Alissa Farah ifadəsində, Trampın televiziyada Co Baydeni görən zaman qəfil qışqırmasını xatırladıb: "İnana bilmirəm, mən buna uduzmuşam?”


İkinci bənd: Tramp məmurları "oğurlanmış seçki” mifini təbliğ etməyə məcbur etmək üçün Ədliyyə nazirliyinə siyasi təzyiq göstərib.



2020-ci il seçkilərində kütləvi saxtakarlıq ideyasını "cəfəngiyyat” hesab edən Baş prokuror Uilyam Barr istefa verdikdən sonra prezident onun yerinə fədakar və hər şeyə razı olan məmuru təyin etmək qərarına gəlir. Bu onda alınmadı - Barrın yerini gələn və Baş prokurorun vəzifələrini müvəqqəti icra edən Ceffri Rozen və onun müavini Riçard Donohyu seçkiləri saxta elan edilməsi və istintaqın açılması tələblərini kəskin şəkildə rədd edirlər.

Komitə qarşısında şahid qismində danışan Rozen xatırladıb ki, 2020-2021-ci ilin qışında Trampla bir ay ərzində demək olar ki, hər gün görüşüb. Seçkidə uduzan siyasətçi ona təzyiq göstərərək, seçki saxtakarlığını araşdırmaq üçün xüsusi prokuror təyin edilməsini, bülleten hesablama aparatlarının götürülməsini və seçkilərin nəticələrinin tanınmaması üçün Ədliyyə Nazirliyi adından Ali Məhkəmədə iddia qaldırmasını tələb edib. 

Sonra Tramp Rozeni əvəz etmək qərarına gəlir. 2020-ci ilin dekabr ayının sonunda o, bürokratik protokolu pozaraq prezidentin mövqeyini bölüşən və hətta Corciya ştatının qanunvericilərinə prezident seçkilərinin nəticələrini nəzərdən keçirmək üçün xüsusi sessiyanın keçirilməsini tələb edən məktubun qaralamasını hazırlayan Ədliyyə nazirliyinin əməkdaşı Cefri Klark ilə görüşür. Tramp Klarkı Rozenin əvəzinə Baş prokuror təyin etmək niyyətində idi, lakin bundan xəbər tutan Rozen, Riçard Donohyu və Baş prokurorun köməkçisi Stiven Engel ilə birlikdə prezidentlə görüşür və belə təyinatın baş verəcəyi təqdirdə bütün ölkə üzrə yüzlərlə federal prokurorun istefa verəcəyini bildirir. Tramp geri çəkilmək məcburiyyətində qalır.

Üçüncü bənd: Tramp vitse-prezident Mayk Pensə 6 yanvar 2021-ci ildə Konqresdə seçicilər kollegiyasının səslərinin hesablanmasını qanuniləşdirməkdən imtina etməsi üçün təzyiq edir.



Hüquq-mühafizə orqanları Trampın arqumentlərini dəstəkləməkdən imtina etdiyinə görə, o, yanvarın 6-da Konqresdə seçicilər kollegiyasının səslərinin hesablanması prosesini mübahisələndirmək qərarına gəlir. Burada əsas rolu vitse-prezident Mayk Pens oynamalı idi - qanunla seçkinin nəticələrinin formal təsdiqinə məhz o rəhbərlik edir. Trampa loyal hüquqşünaslar hesab edirdilər ki, vitse-prezidentin ştatlarında seçki proseduru ilə bağlı şübhələri yaranarsa, həmin ştatlardan olan seçicilərin səslərini tanımamaq hüququ var. Trampın hüquqşünası Con İstman hətta hesabat hazırlayaraq Pensin yeddi ştatda seçkilərin nəticələrini tanımaqdan imtina etməli olduğunu bildirir. Belə olan halda Tramp prezident seçkilərinin qalibi elan olunacaqdı.

Lakin keçmiş federal hakim Maykl Lüttiqin qeyd etdiyi kimi, belə bir mexanizmin heç bir tarixi və hüquqi əsası yoxdur. Trampın həmkarları, görünür, Pensin vasitəsilə seçki nəticələrini ləğv etməyin yolunun tamamilə qanuni olmadığını başa düşdülər - hər halda, İstman özünü sığortalayaraq, Culianiyə məktub yazıb onun prezidentin əfv fərmanı alanlar siyahısına salınmasını xahiş edib. Komitədə şahid qismində çıxış edən İstman Konstitusiyaya edilən 5-ci düzəlişdən (bu düzəliş özünə qarşı ifadə verməmək hüququ verir – red.) istifadə edərək əksər suallara cavab verməkdən imtina edib.

Tramp dəfələrlə Pensi təkcə ictimai çıxışlarında və tvitlərində deyil, həm də vitse-prezidentlə şəxsi söhbətlərində, həmçinin Pensin komandası ilə görüşləri zamanı İstmanın vasitəsilə seçkinin nəticələrinə yenidən baxmağa çağırıb. Vitse-prezidentin özü belə səlahiyyətlərə malik olmadığını bildirib, buna görə Tramp, qızı İvanka və keçmiş köməkçisi Nikolas Lunanın dediyinə görə, Pensi "qorxaq” və "zığlayan” adlandırıb. İğtişaşlar günü Pens seçkilərin nəticələrini mübahisələndirməkdən imtina edəndə prezident tvitter hesabında yazır ki, onda "cəsarət yoxdur”. Bundan xəbər tutan etirazçılar Kapitolinin binasına soxularaq "Mayk Pensi asın” şüarları səsləndirirlər. Vitse-prezident aparatının əməkdaşlarının sözlərinə görə, onlar demək olar ki, etirazçılarla üz-üzə gəliblər – bu, gözlənilməz nəticələrə gətirib çıxara bilərdi. 

Dördüncü bənd: Tramp regional qanunvericilərə və bəzi ştatlarda seçkilərinin keçirilməsinə nəzarət edən məmurlara təzyiq edir.



Səslərin hesablanması zamanı və seçkilərin nəticələri elan edildikdən sonra Tramp şəxsən və ya nümayəndələr vasitəsilə seçkilərin tanınmaması və yaxud onların nəticələrinin dəyişdirilməsi tələbi ilə məmurlarla əlaqə saxlamağa çalışıb. Bəzən Tramp təzyiq üçün Tvitter hesabına abunə olanlardan istifadə etməyə çalışıb, məsələn, Miçiqan Senatının Respublikaçı lideri Mayk Şirkinin telefon nömrəsini dərc edib. Nəticədə o, dörd mindən çox qəzəbli mesaj alıb.

Arizona qanunverici orqanının aşağı palatasının spikeri respublikaçı Rusti Bauers komitə qarşısında çıxış edib. O, həm Trampın özündən, həm də vəkili Rudi Culianidən bir neçə telefon zəngi aldığını, seçkinin açıq şəkildə oğurlandığını elan edilməsini və ya Baydenə səs verəcək seçicilərin Trampı dəstəkləyənlərlə əvəzlənməsini tələb etdiyini bildirib. Bauers ştatında saxtakarlığın sübutunu istəyib, lakin ona sübut təqdim edilməyib və Culiani hətta cavab verib ki, hələlik Tramp komandasının yalnız pozuntularla bağlı "nəzəriyyələri" var.

Bauersdən başqa daha iki regional respublikaçı ifadə verib: Corciya ştatının katibi (seçkilərin keçirilməsinə cavabdeh) Bred Raffensperqer və onun müavini Qabriel Sterlinq. Məhz Raffenspergerlə Tramp arasında məşhur telefon danışığı olub və bu söhbətdə prezident ondan öz xeyrinə "11 780 səs tapmasını” istəyib (o, Baydendən bu qədər geri qalıb).
____________________

Qısa arayış: 2 yanvar 2021-ci il tarixdə Trampla Corciya ştatının katibi Bred Raffensperger arasında bir saatlıq telefon danışığı baş tutub. Zəng zamanı prezident ştatda seçkilərə cavabdeh olan Raffenspergerdən onun xeyrinə "11.780 səs tapmağı” xahiş edib. Daha sonra zəngin səs yazısı yayılıb və hüquqşünaslar hesab edirlər ki, bu zəng zamanı Tramp bir neçə federal, həm də Corciya ştatının qanunlarını pozub. Corciya ştatının Fulton dairəsində Tramp və tərəfdarlarının hərəkətləri ilə bağlı araşdırma aparılır.
____________________

Hər iki şahid təkidlə bildiriblər ki, ştatda keçirilən seçkilər pozuntusuz keçirilib, bunu təkrar hesablamalar və yoxlamalar da təsdiq edib. Bununla belə, hətta səslərin hesablanması mərhələsində prezident Trampın özü və nümayəndələri Bayden üçün bülletenlərlə dolu çamadanların peyda olması barədə bəyanatlar yaymağa başlayırlar, sonradan bu iddiaların heç biri öz təsdiqini tapmır. 

Ardı var...

Mənbə: Meduza.io

Tərcümə: Nizami Bağırov
Qaynarinfo