Dahi şəxsiyyətin bir vaxtlar söylədiyi “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı bu günümüzün reallığı olmaqla yanaşı, onun uzaqgörənliyinin real təsdiqidir. Həqiqətən də bu gün Azərbaycan tarixinin ən qüdrətli dövləti kimi dünyaya səs salır.
İki ildir ki, Azərbaycan xalqı Vətən müharibəsindəki böyük Zəfərin sevincini, qürurunu yaşamaqdadır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” əməliyyatı ilə işğal olunmuş və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağı silah gücünə düşməndən azad etdi.
Beləliklə, Azərbaycan xalqının təbii və müqəddəs hüququ təmin edilərək, Qafqaz xalqları tarixində böyük dönüş nöqtəsi olan hadisə – Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi baş verdi. İki əsrlik münaqişəni, 30 illik müharibəni həm hərbi, həm də diplomatik yolla həll edən Ali Baş Komandan Azərbaycan xalqının qəlbində özünün əbədiyaşar heykəlini ucaltdı.
Əlbəttə ki, Vətən müharibəsində qazanılan Zəfər Heydər Əliyev siyasətinin nəticəsidir desək, yanlmarıq. Çunki müharibənin başa çatdığı gün müqəddəs ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini söyləyən dövlət başçısı cənab İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müasir inkişaf konsepsiyasının ən böyük uğurudur. Ulu Öndər vaxtı ilə dediyi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun” fikirlərini reallığa çevirən cənab İlham Əliyev həqiqətən də uzaqgörən, Ümummilli Liderimizin əbədiyaşar ruhunu da şad etdi.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə hansısa obyektin açılışını edib, yenisinin təməlini qoymaqla düşmənə, onun havadarlarına gözdağı verir.
Qarabağ və Şərqi Zəngəzuru yenidən quran möhtərəm Prezident həm də dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Onu da xüsusi olaraq vurğulamalıyıq ki, Ulu Öndərin siyasətini uğurla gerçəkləşdirən Azərbaycan Prezidentinin fəaliyyəti ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu irsi ləyaqətlə yaşadır. Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu dünyanın ən nüfuzlu mərhəmət ünvanına çevrilib. Dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi xoşməramlı missiyaların, müxtəlif layihələrin hamısı Ulu Öndərin təbliğatının tanıdılmasına yönəlib. Bu gün isə fondun fəaliyyətinin ən şanlı səhifəsi Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq prosesində ön sırada olmasıdır. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır.
Artıq Qarabağ münaqişəsi tarixə qovuşub və Azərbaycanın həyatında yeni səhifə açılıb. Qarabağ problemini həll edən Prezident İlham Əliyev bununla da bölgədə yeni reallıqların yaranmasının əsasını qoyub. Hər zaman qlobal miqyaslı təşəbbüslərlə çıxış edən, bölgədə sülhün-təhlükəsizliyin təminatı üçün yeni əməkdaşlıq platformalarının yaradılması təklifini irəli sürən Azərbaycan Prezidenti Cənubi Qafqazı Avrasiyanın ən mühüm nəqliyyat-logistika mərkəzinə çevirmək üçün yol xəritəsi müəyyənləşdirib.
Bir sözlə, Azərbaycanın yalnız öz gücünə, heç bir beynəlxalq maliyyə təşkilatından yardım almadan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi misli görünməmiş bərpa-quruculuq işləri onu deməyə əsas verir ki, tezliklə Böyük qayıdış başlayacaq və bu tarix xalqımızın həyatında ən yeni səhifə açacaq.
Qarayev Qulam Nüsrət oğlu – ADPU