Ermənistan hökuməti 100 milyon avro kredit götürməyə hazırlaşır.
Bu barədə Ermənistanın “Hrparak” nəşrində məlumat dərc olunub. Məlumatda bildirilir ki, Ermənistan hökumətin sabah, noyabrın 10-da keçiriləcək iclasında Fransa İnkişaf Agentliyi ilə 100 milyon avro məbləğində kredit sazişinin imzalanmasının təsdiq edilməsinə dair hökumət qərarının layihəsi hesabat verilməyən məsələlər siyahısına daxil edilib.
Hökumət bu pulu 2022-ci il büdcəsinin kəsirini doldurmağa yönəldəcək ki, dövlət büdcəsində nəzərdə tutulan xərcləri maliyyələşdirə bilsin.
“Ermənistan” blokunun deputatı, iqtisadçı, sosial məsələlər nazirinin keçmiş müavini Tadevos Avetisyan məsələ ilə bağlı açıqlamasında bildirib ki, Ermənistanda maliyyə nazirləri dəyişsə də, yürüdülən siyasətdə dəst-xətt eynidir: “ 2018-ci ildən həm xarici, həm də daxili dövlət borcumuz xeyli artıb, son məlumatlara görə, dövlət borcu artıq 40 faiz artaraq 10 milyard dollara çatıb. Bizdə adambaşına düşən ÜDM 2,5 min dollardır, hər birimizin çiyninə 1000 dollar borc yükü qoydular. Burda sual ortaya çıxır ki, gəlirlər artırsa borc niyə artır. Burada obyektiv tezislə əsaslandırılır ki, bu ilin ikinci rübündən başlayaraq yüksək iqtisadi fəallıq, bizdə əsasən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranıb. Təsadüfi xarici amilin bu uğursuz hökumətlərə heç bir aidiyyətı yoxdur və onlar çox gözəl bilirlər ki, bu amil müvəqqətidir, çünki bu pul axını müvəqqətidir və bu münaqişənin aradan qaldırılması ilə bu amil aradan qalxacaq və bizdə vəziyyət əvvəlki kimi olmayacaq”.
Avetisyan hesab edir ki, həm gəlirlərin yığılması problemləri baxımından, həm də dövlət büdcəsi və ümumilikdə iqtisadi fəaliyyət baxımından Ermənistanı qarşıdakı illərdə daha ciddi çətinliklər gözləyir. İqtisadçının sözlərinə görə, dövlətin götürdüyü bu borc ölkənin davamlı inkişafına mənfi təsir göstərəcək:
“Onu da qeyd etmək çox vacibdir ki, bu hakimiyyət sosial sahədə yoxsulluğun dərinləşməsi, insanların real gəlirlərinin azalması, əhalinin real gəlirlərinin aşağı düşməsi ilə ifadə olunan uğursuzluqları ilə nəinki bu günümüzü məhv ediblər, hətta dağıdıcı əllərini gələcəyimizə də uzadıblar. Yəni bu gün götürdükləri dövlət borcu gələcək inkişaf potensialımızı xeyli azaldır, ölkəmizin davamlı inkişafına zərbə vururlar. Çünki bugünkü borc sabah ödənilməlidir və sabahkı nəticə ilə biz həyat keyfiyyətini yaxşılaşdıra biləcəyimiz halda, məğlub hakimiyyətin götürdüyü borcu ödəməyi öhdəmizə götürmüş oluruq”.