Tanınmış rusiyalı politoloq, Rusiya Dövlət Dumasının deputatı Sergey Markov ikinci dünya savaşının başlanmasının səbəbləri barədə öz baxışlarını ifadə edib.
Bu barədə o, özünün "Telegram-kanal"ında yazıb. Məlumatı "Patriot Donbassa" nəşri yayıb.
O, əmindir ki, tarixdə ən böyük hərbi münaqişədə günahkar Polşa və Polşanın rusofobiyası olub.
Yadda saxlamaq lazımdır ki, ikinci dünya savaşı Polşaya görə, Polşa rəhbərliyinin həyasızlığı və lovğalığından başlanıb. Və onların ağılsız rusofobiyası səbəbindən", - o, yazıb.
Onun sözlərinə görə, polyaklar o zaman "gah vermaxtla birlikdə Moskvada Qırmızı meydanda paradla keçməyə, gah da Almaniyaya qalib gəlməyə ümid edib".
"Bir sözlə, Polşa rəhbərləri ağılsız və araqızışdırandır. İndi də yenidən üçüncü dünya savaşını alovlandıra bilər", - deputat deyib.
Göründüyü kimi, Polşa ərazisində raketlə bağlı insident rusiyalı siyasətçi və politoloqların syaqlamalarına səbəb olub.
Markov polyakları Qırmızı ordunu öz ərazisindən buraxmamaqda və Vermaxta zərbə vurmağa imkan verməməkdə suçlayıb.
Xatırlatmaq yerinə düşər ki, 2009-2012-ci illərdə Markov Rusiyanın mənafeyinə zidd olaraq tarixin saxtalaşdırılması cəhdlərinə qarşı Komissiyanın üzvü olub.
Yəni tarixi saxtalaşdırılmadan qoruyan bu müdafiəçi bilmir ki, ikinci dünya savaşı 1 sentyabr 1939-cu ildə vermaxtın Polşaya hərbi müdaxiləsi ilə başlayıb.
17 sentyabrda Polşaya hücum etməklə ikinci dünya savaşında Üçüncü Reyxin tərəfində dayanan Sovet İttifaqı olub.
Bundan başqa, Sergey Markov yazıb ki, rusofobiya səbəbindən antihitler koalisiyasının yaradılması baş tutmayıb, amma bu zaman əlavə etməyi unudub ki, Almaniya və SSRİ ikinci dünya savaşı başlananda müttəfiq olub.
Sonra vermaxt və Qırmızı ordu birlikdə 22 sentyabr 1939-cu ilfə Brestdə Polşa üzərində qələbənin şərəfinə parad keçirib.
Fotoda nasist general Haynts Vilhelm Quderian və sovet briqada komandiri Semyon Krivoşein Brestdə sovet-Almaniya birgə hərbi paradını qəbul edir.