İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlının Ukraynada 8 il müddətinə həbsə məhkum edilməsi Azərbaycanda ciddi etirazla qarşılanıb. Hətta dekabrın 8-də çoxsaylı fəal və Qarabağ qazisi Ukraynanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar bildiriblər ki, M.Qasımlı azadlığa çıxana qədər etirazlarını davam etdirəcəklər.
Xatırladaq ki, Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev xarici vətəndaşa qarşı soyğunçuluqda, qanunsuz silah gəzridməkdə ittiham olunublar. Bir neçə aydır ki, Ukrayna məhkəməsində işə baxılırdı. Nəhayət, dekabrın 6-da onlara həbs cəzası verilib.
Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə M.Qasımlı və S.Quliyevin məhkəmə işi və həbsi məsələsi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilib ki, 6 dekabr 2022-ci il tarixində Azərbaycan vətəndaşları M.Qasımlı və S.Quliyev Ukraynanın Kiyev vilayəti Obuxov Rayon Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunublar.
Bildirilib ki, Böyük Britaniya vətəndaşının şikayəti əsasında Ukrayna Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işində təqsirləndirilən M.Qasımlı və S.Quliyev 2021-ci ilin 9 iyun tarixindən saxlanılıb: “Misir Qasımlının ailə üzvləri səfirliyə məlumat verdikdən sonra, səfirlik məsələ üzrə zəruri tədbirlər həyata keçirib. Misir Qasımlının ailə üzvləri və şəxsən özü ilə telefon əlaqəsi saxlanılıb, vəkili və qohumları ilə dəfələrlə görüş təşkil olunub. İttihamların erməni əsilli şəxslərin sifarişi əsasında olduğu, istintaq zamanı və məhkəmə prosesində bir sıra qərəzli məqamların, eləcə də hüquq pozuntularının mövcudluğu barədə səslənən fikirlərə aydınlıq gətirilməsi məqsədilə səfirlik tərəfindən müvafiq iş aparılıb. Bu məlumatlardan narahatlığın əks olunduğu müraciətlər səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə ünvanlanıb. Ümumilikdə, məsələ üzrə Ukrayna XİN-ə 10 nota, digər qurumlara çoxsaylı məktublar göndərilib, proses səfirliyin diqqət mərkəzində saxlanılıb”.
“Səfirlik məsələ barədə məlumat aldıqdan sonra bütün iclaslarda (səfirliyə məlumat verilmədiyi üçün bir apellyasiya iclası istisna olmaqla) iştirak edib. Hazırda, müdafiə olunan tərəf məhkəmə qərarı ilə bağlı müvafiq apelyasiya şikayətinin verilməsi istiqamətində iş aparır. Səfirlik məhkəmənin işinə və hüquqi prosedurlara müdaxilə olmadan prosesin ədalətli şəkildə həyata keçirilməsi məqsədilə, qanun çərçivəsində bütün mümkün zəruri tədbirlər görməkdə davam edir”, - deyə məlumatda qeyd olunub.
Sosial şəbəkələrin Azərbaycan seqmentində M.Qasımlının işi ilə bağlı fərqli fikirlər qeyd edilir. Bir qrup şəxs Qarabağ veteranına qarşı Ukrayna məhkəməsinin qərarını düzgün saymadığını düşünür, Ukraynaya Azərbaycanın yardım etdiyi, dəstək göstərdiyi üçün məhkəmənin Qasımlıya güzəşt etməli olduğu iddiasındadır. Etiraz edənlər bildirirlər ki, M.Qasımlı cinayət törətməyib, erməninin şərləməsi nəticəsində həbs edilib.
Başqa bir kəsim isə hesab edir ki, Ukrayna məhkəməsi doğru qərar verib: cinayət varsa, cəza olmalıdır, Misirin Qarabağ veteranı olması ona üstünlük vermir. Və onlar hesab edirlər ki, bu, Azərbaycanın Ukraynaya qarşı dəstəyinə, azərbaycanlıların ukraynalıları haqq savaşında müdafiə etməsinə əngəl törətməməlidir.
Shafaqadogru.com bildirir ki, mövzu ilə bağlı AYNA-nın suallarını Ukraynada yaşayan azərbaycanlı jurnalist, M.Qasımlının məhkəmə proseslərini izləyən İdrak Camalbəyli cavablandırıb. Jurnalist qeyd edib ki, hökmdən sonra söz-söhbətlərin yaranması gözlənilən idi:
- Azərbaycandakı bəzi ruspərəst qüvvələr Ukrayna məhkəməsinin qərarını əlində bayraq tutub Ukraynaya qarşı çıxışlar edirlər. Onlar çalışırlar ki, bu vasitə ilə Azərbaycanla Ukraynanın dostluğuna, əməkdaşlığına kölgə salsınlar. Misirə həbs verilməsi ruspərəstlərin əlinə girəvə verib. Əlbəttə, bununla ölkələrin və xalqların dostluğuna xəyəl gətirmək istəyirlər. Bu, düzgün yanaşma deyil. Mən Misirlə Sübhanın bütün məhkəmə proseslərində iştirak etmişəm. Deməzdim ki, hökm tam ədalətlidir. Çünki daha az cəza verilə bilərdi, nələrsə nəzərə alına bilərdi. Amma hakim qərarını verib və düşünmürəm ki, məqsədli, sifarişli qərar verib. Yəni ki, bu qərar Azərbaycanla Ukrayna dövlətinin, xalqının dostluğuna kölgə salmamalıdır.
- Məhkəmə prosesləri zamanı Misir Qasımlının davranışları, qəfəsi təpikləməsi, hakimə, ittihamçıya qarşı kobudluğu müşahidə edilən kadrlar var. Bunları nəzərə alan insanlar Qasımlının cinayətə meyilli olduğunu deyirlər...
- Bəli, məhkəmə proseslərində ziddiyyətli məqamlar olub, ittiham edilən şəxslər – yəni həmyerlilərimiz müəyyən qanun pozuntularına yol veriblər. Gərək bu cür davranış ortaya qoymayaydılar. Bu, onların səhvi idi. Mən iddia etmirəm ki, Misir, Sübhan cinayət törətməyiblər. Cinayət varsa, cəzası da olmalıdır. Düzdür, bəzi məqamlarla, bəzi faktlarla biz razılaşmırıq. Apellyasiya şikayətinin veriləcəyi məlumatı var. Ümid edirəm ki, məsələ xoş sonluqla yekunlaşacaq. Əsas odur ki, haqq-ədalət öz yerini tapsın. Həmyerlilərimiz üç ağır maddə ilə ittiham olunurlar. Burada çalışıldı ki, yumşalmalar olsun. Diaspor da, səfirlik də çalışdı, onların hüquqlarının müdafiəsi üçün işlər görüldü. Diaspor fəalları, burada yaşayan azərbaycanlılar məhkəmənin gedişini izlədilər. Bu proseslərdə ilk günlərdən həmyerlilərimizə dəstək olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor Təşkilatının sədri Hikmət Cavadova təşəkkür etmək istəyirəm. Məhkəmənin ilk günlərindən Hikmət bəy çalışdı, Misirin və Sübhanın müdafiəsinin təşkilini həyata keçirdi. Həmçinin proseslərdə diaspor fəalları yaxından iştirak etdilər. Müharibə gedən bir vaxtda belə müdafiə təşkil etmək çətin idi. Amma diaspor bunu etdi.
- Səfirlik də bəyanat verdi ki, məsələ ilə yaxından məşğul olunub...
- Məhkəmə prosesinin əvvəlində səfirlik məsələ ilə o qədər də maraqlanmamışdı. Amma məsələ ictimailəşəndən sonra, bəli, bütün proseslərdə səfirliyin nümayəndələri, diplomatik nümayəndələr iştirak ediblər. Bunu danmaq olmaz. Səfirliyin diplomatik formada hansı işləri gördüyünü deyə bilmərəm, məlumatsızam. Açıqlamalarında 10 dəfə Ukrayna Xarici İşlər Nazirliyinə nota təqdim etdiklərini qeyd ediblər. Amma məhkəmə proseslərində nümayəndələr iştirak edirlər. Onlara da buna görə təşəkkür edirəm.
- Dediniz ki, ruspərəstlər bu məsələdən istifadə edərək dövlətlər və xalqlar arasında dostluğa kölgə salmaq istəyirlər. Sizcə, buna nail ola biləcəklərmi?
- Əlbəttə, alınmayacaq. Azərbaycan xalqı ilə, dövləti ilə Ukrayna xalqının, dövlətinin dostluq əlaqələrinin tarixi kökləri var. Bir məsələyə görə dostluğa kölgə düşə bilməz. Unudulmamalıdır ki, ukraynalılar hələ Birinci Qarabağ müharibəsi vaxtı Azərbaycan torpaqları uğrunda vuruşublar. İkinci Qarabağ müharibəsi zamanı da Kiyevin siyasi dəstəyi Azərbaycanın yanındaydı. Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlət olub. Bunlar nəzərə alınmalıdır. Yenə deyirəm, bir məhkəmə prosesinə görə xalqlar arasında nifrət toxumu səpilməsi doğru deyil. O ruspərəstlərin cavabını xalq verməlidir, təxribatçıların məqsədinə nail olmamasına çalışılmalıdır. İnanıram ki, duyarlı vətəndaşlarımız, soydaşlarımız ayıq-sayıqdırlar.