Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda gənclərlə görüşdüyü tədbirdə Yunanıstana qarşı sərt ifadələr işlədib.
Shafaqadogru.com xəbər verir ki, prezident Yunanıstanın Türkiyənin yerli raket sənayesinə münasibətinə diqqət çəkib.
“Tayfun” deyirsən, yunan ürkür, deyir, Afinanı vuracaqlar. Sakit dayanmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, təbii ki, vuracaq. Əlbəttə, Türkiyə kimi bir ölkənin əli armud toplamayacaq”, - Ərdoğan bildirib.
Türkiyə liderinin sözləri Yunanıstan mediasında əks-səda doğurub. Yunan mediasında tirajlanan xəbərlərdə Afinanın təhdid edildiyi iddia olunub.
“Ta Nea” qəzeti gəlişməni “Ərdoğan: “Raketlərimiz Afinanı vuracaq” başlığı ilə yazıb. Prezident Ərdoğanın Yunanıstanın Türkiyənin raketlərindən qorxduğunu vurğuladığı diqqətə çatdırlıb.
ERT telekanalı “Ərdoğan Afinanı raket hücumu ilə hədələdi” başlığı ilə tamaşaçıların qarşısına çıxıb. Telekanal ABŞ-dan Türkiyəyə qarşı silah almasının Yunanıstana baha başa gələ biləcəyini qeyd edib. Eyni xəbərdə “Tayfun” ballistik raketinin oktyabrda Rizədə uğurla sınaqdan keçirildiyi xatırladılıb.
“Kathimerini” qəzetinin manşetinə çıxardığı başlıq isə belədir: Ərdoğan: Yunanlar sakitləşməsələr, Afinanı “Tayfun”la vuracağıq”.
Nəşr Ərdoğanın Türkiyənin ballistik raket sınağı keçirməsinin Afinanı narahat etdiyinə dair açıqlamalarından sitat gətirib.
Qəzet Türkiyə liderinin bu fikrinə də yer verib: “Yunanıstanın son mövqeyini qəbul edə bilmərik. Bu aqressiv və düşmən münasibətə passiv və səssiz qala bilmərik”.
“Etnos” da Türkiyə liderinin Yunanıstanı paytaxtını vurmaqla hədələdiyini yazıb: “Ərdoğandan yeni mesaj: Sakit dayanmasanız, Türkiyə Afinanı “Tayfun”la vuracaq”.
Məqalədə Türkiyənin dron (PUA) və pilotsuz döyüş təyyarəsi sənayesində inqilab etdiyinə diqqət çəkilib.