General Andrey Volkov kimdir ki?
O, çox balaca adamdır. Bizim ərazimizdəki "sülhməramlı"ların komandanıdır. Və bu komandan heç nəyi həll etmir. O, sadəcə Kremldən gələn əmrləri yerinə yetirir. Əsas söz sahibi Putindir.
Putin isə susur. Yəqin ki, bu gün Rusiya rəsmilərindən kimsə biri Putinin adından çıxış edəcək, bəyanat səsləndirəcək, Laçın yolundakı gərginliklə bağlı Kremlin mövqeyini açıqlayacaq.
Gözləyək görək o bəyanat nə dərəcədə obyektiv və ədalətli olacaq. Hərçənd ki, Rusiyadan ədalət və obyektivlik gözləmək çətin məsələdir.
Ermənilər ümid edirlər ki, Rusiya tərəfinin bəyanatı onları xəyal qırıqlığına uğratmayacaq.
Rusiyanın barmaqla sayılacaq qədər az sayda olan ədalətli insanları isə hesab edirlər ki, Rusiya ermənilərin xoşuna gəlmək, onların rəğbətini qazanmaq taktikasından əl çəkib Ermənistanı və Xankəndidəki separatçıları 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməyə məcbur etməli və üstəgəl, Azərbaycan ekoloqlarının filiz yataqlarında monitorinq aparmasına şərait yaratmalıdır.
Ancaq təəssüf ki, hazırda Rusiyada bu cür obyektiv düşünən insanların səsləri, çağırışları eşidilmir. Şərəfini ermənilərə satan Zatulin kimi siyasətçilərin səsi daha gur çıxır. Kremlin qərarları da hər zaman məhz zatulinlərin zəhərli fikirləri əsasında formalaşır.
Lakin bizim üçün nə Kremlin, nə Parisin, nə Tehranın, nədəki digər şər yuvalarının mövqeyi önəmli deyil. Biz öz "yol xəritə"mizlə hərəkət etməliyik. Bunun üçün tarixi şans yaranıb.
Bəybala Mirzəyev