Hər bir ölkədə minimum əməkhaqqı əhali üçün təyin edilən sosial normativdir.
Belə ki, vətəndaşlar həmin minimum əməkhaqqı ilə özünün və ailəsinin dolanışığını təmin etməlidir. Bu gün dünyanın müxtəlif ölkələrində minimum əməkhaqqı ilə bağlı rəqəmlər fərqlidir. Belə ki, Avropada ən yüksək minimum əmək haqqı 2022-ci ilin iyul ayına olan statistikaya görə, 2 min 313 avro ilə Lüksemburqdadır. Siyahıya əsasən Avropada ikinci ən yüksək ümumi minimum əmək haqqı cari ildə 1842 avro ilə Belçikadadır. Üçüncü yerdə isə İrlandiyadır ki, burada minimum əmək haqqı 1774 avro təşkil edib. Bu ölkəni 1756 avro minimum əmək haqqı ilə Hollandiya izləyir.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada 2022-ci ilin iyul ayına olan minimum əmək haqqı 1744 avro təşkil edir. Sonrakı yerləri isə 1645 avro ilə Fransa, daha sonra 1210 avro ilə dünyanın ən böyük iqtisadiyyatına malik ölkə olan ABŞ, 1166 avro ilə İspaniya, 1074 avro ilə Sloveniya, nəhayət 10-cu yerdə 831 avro ilə Yunanıstan qərarlaşıb. Qeyd edək ki, bugünlərdə Türkiyə minimum əməkhaqqı ilə bağlı rəqəmi açıqladı və bu da 8500 lirə təşkil edir. Azərbaycanda isə minimum əməkhaqqı 300 manatdır.
Mövcud minimum əməkhaqqı yaşayış şərtlərinə nə dərəcədə uyğundur və bu rəqəm əslində nə qədər olmalıdır?
DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, hər ölkədə minimum əməkhaqqı var və bu, həmin ölkədə həyat üçün çəkilən xərclərə bağlıdır:
“Məsələn, Avropada kommunal haqq və s. bahadır. Ona görə də bu göstərici nəzərə alınanda birinci növbədə ailənin yaşayış minimumuna baxılmalıdır. Çünki BMT-nin Beynəlxalq, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında paktı var. Azərbaycan 1992-ci ildən bu pakta qoşulub. Həmin müqavilədə göstərilir ki, bu pakta qoşulan hər bir dövlət öz ölkəsində elə bir minimum əməkhaqqı müəyyən edəcək ki, bu onun və ailəsinin layiqli həyat səviyyəsini təmin etsin. Layiqli həyat səviyyəsi də yaşayış minimumudur. Adətən Avropa dövlətlərində ailə dedikdə ata, ana, 2 övlad nəzərdə tutulur”.
Azərbaycanda ailəni 3 nəfərdən ibarət götürsək belə, dövlətin təsdiq etdiyi yaşayış minimumu nə qədərdir?
Ekspert bildidib ki, bunun özü də mübahisəlidir:
“Dövlət tərəfindən əmək qabiliyyətli vətəndaş üçün qarşıdakı ildə 261 manat, 1 uşaq üçün 220 manat müəyyən olunub. Ümumilikdə hesabladıqda bu rəqəm ailədə ər-arvad üçün 522, uşaqla birlikdə 742 manat təşkil edir. Hazırda 300 manat minimum onu alanın və onun ailəsinin layiqli həyat səviyyəsini təmin edirmi? Bu, iki dəfədən də azdır. Biz hələ Avropa standartlarına uyğun 2 uşaq götürsək, bu rəqəm 962 manat təşkil edəcək. Yəni 3 dəfədən də azdır. Bu nöqteyi-nəzərdən geri qalırıq. Bu, əslində utancverici haldır.
Çünki bu qədər neftimiz, sərvətlərimiz var. Bir tərəfdən iqtisadiyyatımız inkişaf edir, digər tərəfdən də vətəndaşların adi sosial haqlarını qoruya bilmirik. Bununla da özümüzün bağladığımız beynəlxalq müqaviləni də pozuruq”.