Xəbər verdiyimiz kimi, ötən gün MTV telekanalında yayımlanan “Ümid ilə gəl” verilişində gərgin anlar yaşanıb. Tarix Əliyevin (Tolik) aparıcısı olduğu verilişdə ailələr arasında dava düşüb. Belə ki, studiyada əyləşən nənə boşadığı keçmiş gəlininin 6 yaşlı qızının bakirəliyini yoxlatdırmaq istəyib.
Bu istək studiyada qalmaqal yaradıb. Qısa zaman ərzində sosial şəbəkələrdə də paylaşılan görüntülər izləyicilərin sərt qınağı ilə qarşılaşıb.
Shafaqadogru.com bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan ictimai xadim, yazıçı Xeyrəddin Qoca efirdə bu cür müzakirələrin aparılmasını rəzillik adlandırıb:
“Bu çox böyük tərbiyəsizlikdir. Millətimizin böyük hissəsi getdikcə cılızlaşır. Nə qədər pozğun, yaramaz, alçaq varsa, televiziyalardadır. Bu barədə illərdir yazıram. Efirdə bu deyiləsi sözdürmü?! Ayıbdır, vallah, ayıbdır! Xalqdan utanın, ağsaqqal, ağbirçək baxır ayıb deyilmi? Çox biabırçı haldır. O nə deməkdir? Dəhşətdir! Hələ utanmadan bunu dillərinə gətirib efirdə danışırlar. Bu barədə yüzlərlə yazı yazmışam, hamısı yerli mətbuatda dərc olunub. Efirdəki qalmaqalların bu həddə gəlib çatmasının çoxlu səbəbləri var. Birincisi efirə çağırılan şəxslər səviyyısiz olurlar, ikincisi verilişi aparan adam səviyyəsizdir. Aparıcı özü o şəraiti yaradıb ki. Efirində bu cür qalmaqallar olsun. Xalqdan utanmaq, çəkinmək lazımdır, oturuşunu-duruşunu bilməlisən, danışığına fikir verməlisən”.
Yazıçının sözlərinə görə, bu tip hallardan televiziya rəhbərləri birbaşa məsuliyyət daşıyır:
“Televiziya rəhbərləri buna cavabdehdirlər və bundan məsuldurlar. Məgər bu adamları efirə çıxarmamışdan öncə bilmirdiniz ki, bunlar kimdirlər? Bir müddət əvvəz Xəzər telekanalında vəkil Şəfiqə Nağıyeva ilə Anar Vəziroğlu arasında böyük qalmaqal yaşandı. Həmin hadisə baş verəndə verilişin aparıcısı Lalə Azərtaş deyir ki, siz mənə hörmətsizlik edirsiniz. Bəs hörmətli Lalə xanım bilmirdi ki, bu adamları çağıranda kimi dəvət edir? Kimi gəldi telekanala çağırmaq, efiri doldurmaq, boş -boş fikirlər səsləndirmək olmaz! İnsanlar artıq bunlardan bezib. Artıq bir çox ziyalı efirlərə çıxmaqdan belə imtina edir. Məsələn, mən artıq verilişlərə getmirəm. Elə bu gün də bir telekanal dəvət etdi, amma imtina etdim”.