Şəfəqə Doğru » Manşet » Xankəndi yolundakı aksiya 25 gündür davam edir

Xankəndi yolundakı aksiya 25 gündür davam edir

Xankəndi yolundakı aksiya 25 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, artıq 25-ci gündür davam edən aksiyada iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.

Aksiyaçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.