Gürcüstanda yaşayan azərbaycanlıların durumu olduqca kritikdir. İran uzun illərdir ki, azərbaycanlıların yaşadığı Borçalıda sistemli fəaliyyət qurub. Bu barədə ötən ilin iyun ayında hazırladığım analitik məqalədə də ətraflı məlumat vermişdim. Hazırda Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır və onların hər birinin taleyi Azərbaycan dövlətinin diqqətində olmalıdır.
Aldığım məlumata görə, Borçalıdakı İrana bağlı şəbəkə Azərbaycanın matəm günü kimi qeyd etdiyi hadisələrlə bağlı anım tədbirlərinin keçirilməsini qadağan edib.
Məsələn, “20 yanvar”la bağlı anım tədbirlərinin keçirilmədiyi bildirilir. Sadəcə məsciddə bir neçə saniyəlik çıxış olub. Bunun da hələ yalan, yaxud doğru olduğu bilinmir. Amma xalqımız üçün vacib olan hadisələrlə bağlı anım tədbirlərinin keçirilməməsi üçün İranın orada ciddi şəkildə ideoloji iş gördüyü əldə olunan dəqiq məlumatlar sırasındadır.
Bəs, İran buna necə nail olub?
Birincisi, İran işsizlikdən əziyyət çəkən, ağır sosial problemlər içərisində olan azərbaycanlılara din xətti üzərindən ünvanlı və davamlı yardımlar edir, bu üsulla xüsusilə, gəncləri öz təsir dairəsinə salır
İkincisi, İran Borçalıda ucuz narkotik maddələrin bazarını formalaşdırıb və əhalinin böyük bir hissəsi narkomana, narkotacirə çevrilib
Heç şübhəsiz ki, azərbaycanlıların narkotikə qurşanması Gürcüstan dövlətinə də sərf edir, çünki xəstə bir nəsil formalaşır, əhalinin milli iradəsi şikəst olur və onların siyasi instinktləri də aradan qalxmış olur. Xəstə, işsiz, ələbaxımlı və fanatik bir kütlə formalaşdırılır. İranın bu fəaliyyəti Gürcüstana qarşı deyil, birbaşa Azərbaycan dövlətinə qarşı yönəlib. Eyni zamanda, İranın teoanarxist fəaliyyətinə Gürcüstan dövlətinin heç bir məhdudiyyət tətbiq etməməsi düşündürücüdür.
Problemin ən təhlükəli tərəfi odur ki, Azərbaycanda dini-ideoloji sahədə baş verən hər hansı hadisəyə Gürcüstanda yaşayan azərbaycanlılar dərhal reaksiya verirlər, hətta onlar həbs edilən dindarların azadlığa buraxılması tələbi ilə dəfələrlə aksiyalar da təşkil ediblər. Qısası, İran Gürcüstanda yaşayan azərbaycanlıları dövlətimizə qarşı çevirə bilib. İran bu prosesə ötən əsrin 90-cı illərinin əvvələrindən Azərbaycandakı ideoloji boşluqdan yararlanaraq başlayıb.
Müəllif: Samir Feyruzov