Şəfəqə Doğru » Manşet » "Putinin məğlubiyyəti qaçılmazdır..."

"Putinin məğlubiyyəti qaçılmazdır..."

"Putinin məğlubiyyəti qaçılmazdır..."
"Kremldə Rusiya prezidenti kreslosu uğrunda mübarizə başlayıb..."
 
"Putinin özü varis haqqında düşünmür, çünki 2024-ü ildən sonra da hakimiyyətdə qalmaq istəyir..."
 
Rusiya Dövlət Dumasının sabiq deputatı, rusiyalı müxalif siyasətçi Dmitri Qudkov bəyan edib ki, Rusiyanın güc strukturları öz qüvvələrini artırır, ölkədə getdikcə daha çox hərbi şirkətlər yaradılır. Rusiya elitası Vladimir Putinin gedişindən sonra Rusiyaya rəhbərlik uğrunda mübarizəyə hazırlaşır.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə "УНИАН" nəşri məlumat yayıb.
 
"Putin heç bir varis haqqında dəqiq düşünmür, o, 2024-ü ildən
sonra da, imkan daxilində, 6 il, mümkün olarsa, 12 il hakimiyyətdə qalmaq istəyir.
 
Biz bilirik ki, Putinin bütün işləri plan üzrə gedir, düşünürəm ki, onun prezident müddətləri eynilə 7 günə qələbə qazanmağı planlaşdırdığı müharibənin planı üzrə gedəcək", - Qudkov "FREEDOM" telekanalının efirində danışıb.
 
Eyni zamanda, onun sözlərinə görə, Qərb ölkələrinin liderləri Ukraynaya dəstəkdə sıx birləşib və daha qətiyyətli olub.
 
Buna sübut olaraq o cümlədən Kiyevə döyüş tanklarının verilməsi, həmçinin müasir aviasiyanın tədarükünün müzakirə edilməsini göstərmək olar.
 
"Qərbin mövqeyi hətta Rusiya ilə münaqişəyə həmişə kifayət qədər ehtiyatlı davranan ölkələrdə də dəyişib.
 
Mən belə anlayıram ki, Putinin hərbi məğlubiyyəti həll olunmuş məsələdir, hər şey bunun nə zaman baş verəcəyindən asılıdır. 
 
Zənnimcə, məhz hərbi məğlubiyyət Rusiyanın daxilində gələcək siyasi proseslərin mühüm katalizatoru  olacaq", - o, davam edib.
 
Qudkov qeyd edib ki, Kremlin elitası artıq Putinin məğlubiyyətinin qaçılmaz olduğunu anlayıb. Ona görə də Rusiyada artıq Putindən sonra Rusiyaya rəhbərlik edəcək mümkün iddiaçı barədə düşünürlər.
 
"Tamamilə aydındır ki, mübarizə güc strukturları, həm də müxtəlif güc idarələri arasında gedəcək. Ona görə də Putinin ətrafında olan bütün qruplaşmalar bu gün öz gücünü artırmaqla məşğuldur.
 
Məsələn, özəl hərbi şirkətlər yaradılır. Dövlətin və dövlət təsisatlarının rolu zəiflədikcə, özəl orduların rolu artır. Və tamanilə aydındır ki, onlar Putindən sonra dövlət başçısı rolu uğrunda mübarizədə iştirak edəcək", - Qudkov deyib.