"Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti Xoyda baş verən zəlzələdə çarəsiz durumda qalan azyaşlı uşaqların həyati təhlükəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına, həmçinin, UNİSEF-ə müraciət etməyi düşünür.
Shafaqadogru.com bildirir ki, bu barədə Axar.az-a cəmiyyətin sədri Jalə Təbrizi məlumat verib.
Onun sözlərinə görə, İran bütün beynəlxalq öhdəliklərə əməl edəcəyi ilə bağlı sənədlərə imza atsa da, heç birini yerinə yetirməyib:
“Zəlzələ təbii fəlakətdir, gərək burada insanlara qarşı ayrı-seçkilik olmasın. Amma rejim azərbaycanlılara qarşı bunu edir. Bu gün uşaqlar küçədədir, yaşlı insanlar soyuqdan donur. Hava çox soyuqdur və buna uşaqlar dözə bilməyəcək. Daldalanmağa isti bir yer tapmırlar. Sanki Xoy şəhərində yaşayan vətəndaşları diri-diri basdırmaq istəyirlər. Bu, rejimin bir cinayətidir. Onlar buna adət edib. Biz - “Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti Xoyda baş verən mövcud vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının, həmçinin Uşaq Fondunun (UNİCEF) müdaxilə etməyini istəyirik. Bu uşaqların günahı nədir? Onlar təbii fəlakətdən əziyyət çəkir”.
Jalə Təbrizinin sözlərinə görə, Xoya yardım etmək istəyənlər çoxdur, lakin dövlət nümayəndələri bunun həyata keçməsinə mane olur:
“Yayılan videolarda da ordakı uşaqların və yaşlı xanımların necə çarəsiz durumda olduğunu aydın görmək olar. Lakin rejim bunu görməzdən gəlir. Bu artıq Xoyda 4-cü zəlzələdir. Əvvəlki zəlzələnin zərərləri tam aradan qaldırılmayıb. Dövlət onlar üçün heç nə tikməyib. Ora məsul olan şəxs çox aydın şəkildə bildirib ki, nəzərdə tutulan vəsait başqa istiqamətə xərclənib”.