Şəfəqə Doğru » Manşet » "Bakıdakı binalarla bağlı yoxlama başlanılsa..." - Ekspert

"Bakıdakı binalarla bağlı yoxlama başlanılsa..." - Ekspert

"Bakıdakı binalarla bağlı yoxlama başlanılsa..." - Ekspert

Türkiyədə baş verən zəlzələlərdən sonra Düşənbə meriyası bütün çoxmərtəbəli binaların möhkəmliyini yoxlamaq barədə göstəriş verib. Tacikistan paytaxtının Memarlıq və Tikinti Komitəsinin rəhbəri Nizom Mirzozodanın sözlərinə görə, komitə tikilməkdə olan obyektlərin bünövrə və svaylarının möhkəmliyini yoxlamaq üçün ayrıca laboratoriya yaratmağı planlaşdırır. Yoxlamalar məcburi olacaq.

Bu gün Bakıda da kütləvi tikinti işləri aparılır. Qısa müddətdə nəhəng yaşayış komplekslərinin inşa olunub, istifadəyə verilməsi isə onların fövqəladə hallara qarşı davamlılığını şübhə altına salır.

Bəs görəsən, Azərbaycanda tikilən binaların davamlılığını yoxlamaq üçün hər hansı komitənin yaradılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı yenisabah.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, aidiyyəti dövlət orqanları aparılan tikintilərin 9 ballıq zəlzələyə davamlı olduğunu təsdiqləyir və bundan sonra binanı istifadəyə verir:

“Azərbaycanda qanunla binanın dözümlüyü yoxlanılandan sonra təhvil alınmalıdır. Qanunda zatən bu kriteriyalar var və binalar 9 ballıq zəlzələyə davam gətirə biləcək gücdədirsə, icazə verilir. Vaxtında bu yoxlamalar normal keçirilibsə, bu yoxlamalarda korrupsiya və rüşvət olmayıbsa, hər şey qaydasında olmalıdır. Ona görə də Azərbaycan reallığını nəzərə alsaq, əlavə yoxlamaların olacağı ilə bağlı qərar verilsə, düşünmürəm ki, vəziyyəti düzəldə bilər”. 

Onun sözlərinə görə, əgər bu cür yoxlama aparılacaqsa, komandada dövlət orqanları ilə yanaşı müstəqil ekspertlər də iştirak etməlidir: 

“Əgər belə bir yoxlamaya başlanılsa, orada dövlət orqanları ilə yanaşı, müstəqil ekspertlər qrupunun formalaşdırılıb bu işlə məşğul olması daha məntiqli olar ki, cəmiyyətin də inamı olsun. Çünki dövlət qurumları onsuz da həmin binaları qəbul edənlərdir. Azərbaycanda 12 dövlət  qurumunun binaların tikintisinə nəzarət funksiyası var. Sonda da binaların qəbul olunması aktları var. 

Onlar onsuz da bunu yoxlayıblar. Necə yoxlayıblar, təbii ki, bu, sual altındadır. Eyni qurumlara yenə bu tapşırılarsa, onlar yenə eyni qaydada – rüşvət və korrupsiya ilə məsələni həll edəcəklər. Ona görə də əgər Azərbaycanda bu cür yoxlamaların aparılmasına ehtiyac varsa, bunu müstəqil ekspertlərdən  və cəmiyyətin inanacağı insanlardan ibarət qrup şəklində komissiya yaradıb bu yolla yoxlamaların keçirilməsində, məncə, daha çox yarar var”.