Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunur.
Shafaqadogru.com -un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.
Məruzədə qeyd edilib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli, 543- VQD saylı Qanununun 1.13-cü maddəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
"Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan, qadınların pensiya yaşının azaldılmasına ehtiyac var", - ombudsman təklif edib.