Son bir neçə aydır ki, Dəryaz qəzetinin redaksiyasına Tovuz rayonu ərazisində baş verən çoxsaylı qanunsuzluqlar, özbaşınalıqlar, büdcə vəsaitlərinin mənimsənilməsi, ayrı-ayrı vəzifə sahiblərinin səlahiyyətlərini aşması və s. kimi faktlarla bağlı xeyli sayda vətəndaş müraciətləri daxil olmaqdadır. Növbəti müraciətlərdən biri də, rayonun Aşağı Quşçu kənd sakinləri tərəfindən daxil olub. Sakinlər göndərdikləri müraciətlərində qeyd edirlər ki, “Bizim şikayətimiz gecə klublarının qanunsuzluğa söykənən fəaliyyətləri ilə bağlıdır. Qeyd edək ki, yaşadığımız evlərin yaxınlığında bir neçə gecə klubu var və onlar ayrı-ayrı şəxslərə məxsusdur. Məsələn, “1001 gecə” Həsənov Elman Aslan oğluna, “Praqa” və “Viktoriya” Hüseynov Sahil Səməd oğluna, bir qədər aralı məsafədə fəaliyyət göstərən “777” Həsənov Etibar Qəşəm öğluna, “Kral” Məmmədov Elqam Əliş oğluna, “Komfort” Həsənov Vahid İsaq oğluna, “RR KLUB” isə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Nağı oğlu Tağıyevə məxsusdur. Bir sözlə, təqribən 500 kvm-lik ərazidə 7 gecə klubu var ki, həmin klublarda müştərilərə hər növ xidmətlər göstərilir. Gecə klublarının axşam saatlarından gecə saat 3-4 radələrinə qədər fəaliyyət göstərmələri, bizə bu gün də heç cür rahatlıq vermir. Axşamlar hər klubda təqribən 8-10 “xanım” olur ki, onların ayrı-ayrı şəhər və rayonlardan gəldikləri bildirilir. Ən pis hal odur ki, gecə klublarında olan “xanımlar” ara-sıra elə bir geyimdə, elə bir görkəmdə küçəyə-bayıra çıxırlar ki, onların geyimlərini, hərəkətlərini gördükdə, sanki “ətimiz ət tökür”. Çox zaman onlar sərxoş vəziyyətdə olduqlarından özlərini idarə edə bilmirlər və küçədən ötüb-keçən hər kəsin yanında ən pis sözləri, nalayiq ifadələri və s. işlədirlər. Yəni, yolunu azan, ailəsindən acıq edib qaçan, bəlkə də müxtəlif əməllərinə görə axtarışda olan, lazımi yoxlamalar aparılarsa heç bir sənədi olmayan həmin “xanımlar”, gündəlik gecə klublarında olurlar. Belə bir səbəblərdən də, axşam saat 18-19 radələrindən sonra nə bayıra, nə də ki, küçəyə çıxa bilmirik. Yaşadığımız küçədə Vətən müharibəsində iştirak edən qazilər, müharibə veteranları, şahid ailələri, xəstələr və s. yaşayırlar ki, onların çoxu əsəbi vəziyyətdədirlər. Gecə klublarında musiqi səslərinin ətraf aləmi ağuşuna alması hər kəsə, ələlxüsus əsəb xəstəsi olanlara “gün verib işıq vermir”. Bir sözlə, xeyli müddətdir ki, elə bir rəzil günə-güzərana düşmüşük ki, artıq ailəlikcə yaşadığımız evləri satmaq haqda da düşünürük. Dəfələrlə aidiyyatı üzrə qurumlara, o cümlədən Aşağı Quşçu kənd bələdiyyəsinə, Tovuz RPŞ-nə, Tovuz RİH-nə və digər dövlət qurumlarına çoxsaylı şikayətlərimizi çatdırmışıq. Təəssüflər olsun ki, bizim bu yöndə etdiyimiz şikayətlərin heç bir nəticəsi olmayıb. Ona görə də, hal-hazırda Daxili İşlər Nazirliyinin, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin və Tovuz RİH Aparatının səllahiyyətli şəxslərindən, üz-üzə qaldığımız belə bir problemin həllində bizə köməklik göstərmələrini xahiş edirik”.