"Bundan sonra da Putinə işləyən və onun əmrlərini icra edənlər onun cinayət ortağıdır..."
"Putin onları bağışlamaz-alt paltarına "Noviçok" yaxılar, təsadüfən pəncərədən yıxıla bilər..."
Putinin sabiq köməkçisi Kremlin Beynəlxalq Cinayət Məhkəməsinin orderinə şok reaksiyasını təsvir edib
Vladimir Putinin nitqlərinin mətnini tərtib edən sabiq köməkçisi, politioloq və publisist Abbas Qallyamov Rusiya hakiminin ətrafının Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə order verməsindən sonra dalanda qaldığını təsvir edib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə o, "Radio HB" nəşrinə müsahibəsində danışıb.
"Bu həbs orderi Putinin ətrafına güclü sarsıdıcı təsir göstərib. Onların hamısı bundan şok keçirib. Onlardan daha ağıllıları hələ müharibə başlayandan anlayıb ki, bu, izsiz ötüşməyəcək.
Kənarda dayanmaq, hansısa üsulla sivişib kənara çəkilmək lazımdır. İndi isə rəsmən təsdiq edilib ki, mahiyyətcə, onlar hamısı bu orderi alıb", - Qallyamov deyib.
Onun sözlərinə görə, Putinin ətrafında olan hər bir kəsə "dəqiq mesaj" gəlib: o, sadəcə, Rusiya hakiminin əmrlərini icra etmir, həm də onun cinayətlərinin ortağıdır.
"Biz sənin rəisini cinayətdə şübhəli bilirik, bu barədə rəsmən elan etmişik. Əgər sən bundan sonra da ona işləyəcək və onun tapşırıqlarını icra edəcəksənsə, o zaman sən kimsən?
Sən cinayət ortağısan, sən mahiyyətcə bandanın üzvüsən. Siz birlikdə özünü dövlət adlandıran mütəşəkkil cinayətkar qrupusunuz. Buna müvafiq olaraq birlikdə məhkəmə qarşısına çıxarılacaqsınız", - o, mesajın mahiyyətini izah edib.
Qallyamov əmin edib ki, bu səbəbdən Putinin ətrafında olanlar "qorxunc depressiya" keçirir.
"İmkanı olan sivişib kənara çəkilir. Lakin kənara çəkilmək imkanları çox məhduddur. Onlar hamısı qorxur, anlayır ki, bu, xəyanət kimi dəyərləndirilə bilər. Putin isə onları dəqiq bağışlamayacaq.
Onlarda bilirsiniz necə olur? Alt paltarına "Noviçok" maddəsi yaxıla bilər, təsadüfən pəncərədən yıxıla bilərsən. Ona görə də qorxu mövcuddur və bu, iflic edir.
Onlar indi çaşqınlıq içindədir, nə edəcəklərini bilmir. Onların indi sağ qalmaq strategiyası yoxdur", - siyasi texnoloq deyib.