Şəfəqə Doğru » Manşet » İsti hava ürəyə necə təsir edir? - Kardioloqdan vacib xəbərdarlıq

İsti hava ürəyə necə təsir edir? - Kardioloqdan vacib xəbərdarlıq

İsti hava ürəyə necə təsir edir? - Kardioloqdan vacib xəbərdarlıq

“Uzun müddət isti havaya məruz qalmaq bədən temperaturunda müəyyən dəyişikliyə səbəb olur, bütün daxili orqanlar da bu dəyişikliyə uyğun olaraq fəaliyyətini tənzimləyir”.
Bunu türkiyəli kardiologiya mütəxəssisi Prof. Dr. Kənan Sönməz deyib.
Həkim bildirib ki, ürək-damar xəstəlikləri olan insanlara isti hava mənfi təsir edə bilər.
“Yüksək hava istiliyi, isti havaya məruz qalma müddəti və havadakı rütubət bədənimizin bu tənzimləmə mexanizmlərinə pis təsir göstərə bilər.
İsti havada çöldə işləmək, idmanla məşğul olmaq, çox dar paltarlar geyinmək məsləhət deyil, bu isti havanın mənfi təsirlərini artırır. Bu mənfi təsirlər yaşlılıq, ürək-damar xəstəlikləri və böyrək çatışmazlığı kimi digər xəstəliklər zamanı daha da artır. Temperatur yüksəldikcə və bu nə qədər uzun davam edərsə, eyni sürətlə xəstəxanaya yerləşdirmə və ürək-damar xəstəliklərindən ölüm halları çoxalır. İsti havada tərləmə ilə həddindən artıq maye itkisi dehidrasiyaya, yəni bədəndəki maye miqdarının azalmasına və qan sıxlığının artmasına səbəb olur. Bundan əlavə, isti havanın təsiri ilə bədən səthində damarların həddindən artıq genişlənməsi baş verir və bütün bunların nəticəsində qan təzyiqində azalmalar müşahidə olunur. Belə havalarda təzyiqi normal həddə saxlamaq çətinləşir. Xüsusən də yüksək qan təzyiqi zamanı çoxlu dərman müalicəsi alan insanlar bu vəziyyəti nəzərə almalı, təzyiqlərini tez-tez yoxlamalı və müalicələrini buna uyğun tənzimləməlidirlər”,-deyə həkim qeyd edib.
Kardioloqun sözlərinə görə, qan təzyiqinin pozulması, maye itkisi, elektrolit pozulmalar və qan sıxlığının artması infarkt riskini artırır. İnfarkt keçirmiş və yüksək risk altında olan xəstələr, həddindən artıq temperaturun yüksəldiyi dövrlərdə qoruyucu tədbirlərə və müalicələrinə diqqət yetirməlidirlər. Həddindən artıq elektrolit itkisi, xüsusilə də natrium itkisi səbəbiylə zəiflik, yorğunluq, ürəkbulanma, qusma və çaşqınlıq kimi simptomlar meydana gələ bilər. Maye ilə birlikdə elektrolitlərin itirilməsi müxtəlif ürək ritm pozğunluqlarına səbəb ola bilər. Bu səbəbdən ürək döyüntüsü, ürək döyüntüsündə həddindən artıq artım və ya yavaşlama kimi şikayətlər yarandıqda mütləq həkimə müraciət etmək, EKQ və ya Holter müayinəsindən keçmək lazımdır. \\Saglamolun.Az