Şəfəqə Doğru » Manşet » Taxılın ucuzlaşması spirtli içkilərin qiymətinə TƏSİR EDƏCƏKMİ?

Taxılın ucuzlaşması spirtli içkilərin qiymətinə TƏSİR EDƏCƏKMİ?

Taxılın ucuzlaşması spirtli içkilərin qiymətinə TƏSİR EDƏCƏKMİ?

Son aylar taxılın qiymətində müəyyən qədər ucuzlaşma var. May ayında Azərbaycana xaricdən gətirilən ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə (354,4 ABŞ dolları) 13 faiz aşağıdır. 

Taxılın qiymətindəki ucuzlaşma Azərbaycanda unun topdansatış qiymətinin enməsi ilə də müşayiət olunub. Hazırda 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,5 - 37,2 manat təşkil edib. Halbuki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 - 41,5 manat olub. 

Amma maraqlıdır ki, taxıl qiymətləri ucuzlaşdığı halda, taxıldan hazırlanan spirtli içkilərin qiymətində hər hansı dəyişiklik yoxdur. Görəsən, niyə? 

Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin (LİM) sədri Akif Nəsirli taxıldan hazırlanan spirtli içkilərin qiymətinin ucuzlaşmamasının səbəbini həmin məhsul üzrə ölkəmizdə idxalın geniş olması və idxal prosesində rəqabət mühitinin olmaması ilə əlaqələndirib: 

“Azərbaycanda taxıldan hazırlanan spirt istehsalı geniş yayılmayıb. Taxıldan çəkilən spirt içkiləri ölkəmizdə demək olar ki, yoxdur. Ölkəmizdə taxıldan spirt çəkmək ənənəsi yoxdur. Bu məhsul əsasən ölkəmizə idxal olunur. İdxal da əsasən Ukrayna və Rusiya vasitəsilə həyata keçirilir.
Lakin müharibə şəraitində bu idxalı həyata keçirmək də çətinləşib. Belə vəziyyətdə idxalı həyata keçirənlər də riskin ciddi olduğunu əsas gətirərək, taxılın qiymətinin düşməsinə rəğmən, ondan hazırlanan spirtli içkilərin qiymətini aşağı salmırlar. 

Spirt çəkmək üçün taxılın proteini yüksək, 22-23 faiz olmalıdır. Hazırda ölkə daxilində 12,5 faizlik proteinə malik buğda istehsal edirik. Digər tərəfdən, Rusiyadan idxal etdiyimiz məhsulun zülallıq dərəcəsi də 12,5 faizdir.

Başqa bir tərəfdən, Azərbaycanda spirtli içki istehsalı sahəsində rəqabət mühiti də yox dərəcəsindədir. Bəziləri sindikat razılaşmaya gedərək, bu sahə üzrə bazarı öz əllərində saxlayır və oraya kənardan digərlərinin daxil olmasına imkan vermirlər”.