“Avtomobillərin texniki baxışı məsələsi həmişə yaralı yerimizdir. Sözün açığı, qiymət artımına səs verməmişəm. Bunu özümü sığortlamaq üçün demirəm. Mən həmişə prinsipcə cərimələrin nahaq artmasının əleyhinə olmuşam. Hətta Milli Məclisdə bütün cərimələrin, bank faizlərinin, pandemiya ilə bağlı cərimələrin bağışlanmasını, silinməsini təklif etmişdim. Dövlətimin buna gücü çatar. Çünki hədsiz cərimələnmə camaatda narahatlıq yaradır. Hökumət bunu etsə, xalq ancaq ona minnətdar olar... Avtomobillərin texniki baxışına 150 manat verəndən sonra heç maşını yoxlamırlar, bəlkə də, avtomobil nasaz şəkildə baxışdan çıxır. İraq olsun, sürücülər qəza törədə bilərlər. Hətta bəzən törədirlər. Bu formal xarakter məni incidir. Texniki baxış həqiqi olmalıdır, həqiqətə söykənməlidir. Nasaz maşınlar ya təmirə göndərilməli, ya da yığışdırılmalıdır. Çünki insan həyatı, səhhəti hər şeydən vacibdir. Bunları qorumaq lazımdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, ailəsində cəmi bir avtomobil var: “Düzü, texniki baxış qiymətləri ilə maraqlanmamışam. Amma partiyamızın avtomobili texniki baxışdan çoxdan keçib. Deyəsən, hələ vaxtı deyil. Eyni münasibəti biz də görürük. Hamıya eyni münasibət göstərilir. Ümumiyyətlə, cəmiyyətimizdə bəzi şeylərdən bezmişəm. Formal işlərlə məşğuluq. Mahiyyətə fikir vermirik. Yadımdadır, uşaq olanda bəzən oxuduğum romanların adına, müəllifinə baxmırdım, ancaq məzmunu maraqlı idi, forması o qədər də məni maraqlandırmırdı. Bizdə uzun müddətdir, ancaq formalizm hökm sürür. Formal qeydiyyat, sənədləşmə, formal ödəmələr... Bu formalizmin arxasında mahiyyət dayanmır. Avtomobillər saz olsun, başqa məsələlər də dürüst, xalqımızı təmin edən səviyyədə olsun. Təəssüf ki, hələ buna nail olmamışıq. Bu məsələdə qanunverici, icraedici orqanlar da, xalqımız da - hamımız birlik nümayiş etdirməliyik. Maarifləndirmə o qədər güclü olmalıdır ki, belə yol tutanlar bir də qanundankənar işlərlə məşğul olmağa cürət etməsinlər”.