Azərbaycanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 7-də Yekaterinburqda “Talış-Muğan muxtar respublikasının yaradılmasının 30 illiyi” münasibətilə təşkil olunmuş tədbirlə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik nümayəndəliyinin saytında məlumat verilib.
“Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu tədbirin keçirilməsini nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası verib, səfir Polad Bülbüloğlu isə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və kəskin etirazını əks etdirən məktub ünvanlayıb. Bununla yanaşı, Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciət edib.
Rusiya tərəfinin diqqətinə çatdırılıb ki, belə bir təxribat xarakterli tədbirin təşkili və orada Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinin qonaq kimi iştirak etməsi yolverilməzdir, Rusiyanın hakim partiya nümayəndəsinin bu addımı separatizmi təbliğ edir, Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin ruhuna əsaslı şəkildə ziddir, həmçinin ikitərəfli əməkdaşlığa xələl gətirir.
İqor Volodin və bu tədbirin təşkilatçıları barədə təxirəsalınmaz tədbirlərin görülməsi, eləcə də gələcəkdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bu cür təxribat xarakterli addımların qarşısının alınması təkidlə xahiş edilib”, – məlumatda bildirilir.
Diplomatik nümayəndəlikdən əlavə edib ki, hazırda səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləyir.
Ümumiyyətlə, Rusiyada hakimiyyət nümayəndələrinin qonşu dövlətə münasibətdə separatçı tədbirdə iştirak etməyi niyə özlərinə niyə rəva bildikləri maraq doğurur? Doğrudanmı Yekaterinburq Şəhər Dumasının sədri (kifayət qədər böyük vəzifədir) Azərbaycan reallığını dərk etməkdən o qədər uzaqdır ki, düşünmədən istənilən diasporun hər hansı tədbirinə getməyə hazırdır və bundan əvvəl həmin tədbirin təxribat xarakterli olub-olmadığını yoxlamaq üçün “Vikipediya”ya baxmağa belə zəhmət çəkmir? Rusiya Federasiyasının ən əhəmiyyətli şəhərlərindən birinin səlahiyyətli nümayəndəsi kimi orada iştirak etməsinin lazım olub-olmadığı barədə düşünmür? Əgər baxmırsa, yoxlamırsa və düşünmürsə, bu, çox pisdir. Amma daha da pisi o ola bilər ki, cənab Volodin “Talış-Muğan muxtar respublikası”nın nə olduğunu bilib və bu “yubileydə” bilərəkdən iştirak edib. Nə qədər ki, Rusiya Federasiyası ərazisində belə tədbirlər mümkün olacaqsa, iki dövlət arasında hər hansı etimaddan danışmağa ehtiyac qalmayacaq.
Maraqlıdır, belə bir tədbirin keçirilməsi niyə mümkün olub? Niyə məhz Yekaterinburqda? Rəsmi Moskvanın Azərbaycan səfirliyinin etiraz notasına cavab verəcəyinə ümid varmı?
Teref.az yazır ki, politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Press Kluba açıqlamasında bildirib ki, belə bir tədbir yuxarıların icazəsi olmadan keçirilə bilməz.
Ekspert hesab edir ki, Rusiya regionları məlum səbəblərə görə iki dövlət arasında münasibətlərə çox mənfi təsir göstərə biləcək bu cür addımları ata biləcək dərəcədə müstəqil deyillər.
“Bu, özünəməxsus bir hiylədir – onlar bunu Rusiya Federasiyasının mərkəzi orqanları səviyyəsində deyil, bəzi bölgələr səviyyəsində edirlər. İqtisadi və ya ictimai-siyasi gücünə görə lider sayılan bölgələrdən birini seçirlər. Və bu mənada Yekaterinburq təsadüfən seçilməyib. Amma bütün bunlara mərkəzdən sanksiya verildiyi birmənalıdır. Mən buna şübhə etmirəm. Belə olmasaydı, Rusiyanın hakim partiyasının nümayəndəsi, şəhər dumasının sədri olan adam heç vaxt belə bir tədbirdə iştirak etməzdi. Rusiya federasiya adlansa da, bu qəbildən olan subyektlərin belə məsələləri aşağı səviyyədə həll edə biləcəyi demokratik sistem yoxdur. Bu cəfəngiyyatdır”, – Oruclu əmindir.
Bəs səfirliyin notasına cavab necə olacaq?
“Düşünürəm ki, Moskva Azərbaycanın diplomatik missiyasının bu etirazına cavab verməyəcək. Rusiya özünü heç nə olmamış kimi aparacaq, çünki bunun arxasında müəyyən eyham var. Azərbaycan hakimiyyətinə, Bakının çox mühüm müttəfiqi kimi çıxış edən Türkiyə hakimiyyətinə bir eyhamdır ki, bizim regiona, Azərbaycana təsir rıçaqlarımız hələ də çoxdur – məsələn, etnik münaqişə və ya separatizmi qızışdıra bilərik. Düşünürəm ki, bunu göstərmək istəyiblər.
Məncə, Azərbaycan belə vəziyyətdə məsələyə aydınlıq gətirilməsi tələbində qətiyyətli olmalıdır. Bunun nə qədər davam edəcəyinin fərqi yoxdur, əsas odur ki, Moskva bunu etməlidir. Axı Rusiyada da separatçılar var. Moskvanın indiki rəsmi xəttinə qarşı çıxanlar var. Axı Azərbaycan onları ört-basdır etmir, ideyalarını təbliğ etmək üçün meydan təqdim etmir. Rusiyanın bu halda atdığı addım düşmənçilikdir. Başqa adı yoxdur. Ona görə də sona qədər dəqiqləşdirmə tələb etmək lazımdır”, – deyə politoloq yekunlaşdırıb.