Neçə illərdir ki, orta məktəblərə telefon gətirilməsinin yasaqlanması müzakirə mövzusudur. Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da keçirdiyi brifinqdə deyib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur. O bildirib ki, lakin bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər.
“Lakin bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür”.
Xatırladaq ki, ötən tədris ilində xeyli sayda məktəbdə telefon qadağası qoyulmuşdu. Bildirilirdi ki, şagirdlərin sinifdə mobil telefondan istifadə etməsi yolverilməzdir. Çünki əlində telefon olan şagirdin diqqəti müəllimdə yox, telefonda olur. Onun telefonuna zəng və ismarışın gəlməsi isə müəllim, uşaqların fikrinin yayınmasına və dərs prosesinin pozulmasına səbəb olur.
Bəzi ekspertlər isə qeyd edirdi ki, bu gün təhsilin qarşısında duran vəzifələrdən biri şagirdlərdə müasir texnologıyalara əsaslanan, günün tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılmasıdır. Yaxın keçmişdən fərqli olaraq sərıştə əsaslı, şagirdyönümlü bilik və bacarıqların formalaşdırılması seçim deyil, günün ən vacib tələbıdir. Bu baxımdan, qloballaşan dünyada qeyd etdiyimiz bacarıqların formalaşması üçün İKT avadanlıqlarına, eyni zamanda ağıllı telefonlara böyük ehtiyac var. Bütün bunları nəzərə alaraq şagirdlərin məktəbdə smatrfon telefonlardan istifadə etməsinə qadağa qoyulması doğru deyil.
Əksər valideynlər də bu qadağadan narazı qaldıqlarını bildirir, qeyd edirdilər ki, övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparması mümkündür.
Bəziləri isə bildirirdi ki, Azərbaycanda son zamanlar orta məktəblərdə şagirdlər və eləcə də müəllimlərin iştirakı ilə yayılan videolar cəmiyyət tərəfindən birmənalı qəbul olunmurdu, ictimai müzakirəyə çıxarılırdı və təhsil sistemi, nazirlik, orta məktəblərin rəhbərliyi, müəllimlər tənqid hədəfinə çevrilirdi, bu səbəbdən nazirlik tərəfindən verilən göstərişlə bütün məktəblərdə şagirdlərin telefonlarla məktəblərə gəlməsi qadağan edilib.
Onu da əlavə edək ki, qadağa yalnız yeni nəsil sensorlu telefonlara aid edilirdi. Yəni köhnə nəsil, sensoru olmayan, android sistemini dəstəkləməyən telefonlara icazə verilirdi.
Dünya təcrübəsi necədir, hansı ölkələr məktəbə telefon gətirilməsinə icazə vermir?
Qeyd edək ki, artıq bir neçə ildir bəzi ölkələrdə şagırdlərin məktəbdə mobil telefondan istifadəsinə qadağa qoyulub. Məsələn, Fransa hələ 2018-ci ildən 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisındə telefondan istifadəni qadağan edib. Həmçinin Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində şagirdlərin telefondan istifadəsi qadağandır.
Türkiyədə də məktəbə telefonla gəlmək qadağan olundu. Ölkənin təhsil naziri Yusuf Tekinin sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təhvil verməlidirlər.
“Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik. Eyni şəkildə müəllimlərimiz də pis nümunə olmamaq üçün sinfə telefonla girməməlidir”, - deyə nazir bildirib.
Bəs məktəbə telefon gətirilməsinin tədrisə mənfi və ya müsbət təsiri müəyyən edilibmi?
Shafaqadogru.com bildirir ki, mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov “Yeni Müsavat”a danışıb: “Bu məsələ artıq uzun müddətdir ki, müzakirə olunur, fikirlər haçalanır, kimlərsə hesab edir ki, telefon şəxsi əmlakdır, toxunulmazdır, digərləri isə başqa mövqedədir və sairə.
Hesab edirəm ki, elm və təhsil nazirinin bu məsələyə toxunması bu sahədə müəyyən bir dönüş yarada biləcək. Yəni məsələnin nazir səviyyəsində qaldırılması irəliyə doğru bir addım deməkdir.
Xatırladım ki, bu məsələ bir neçə il əvvəl ortaya çıxanda birmənalı münasibət olmadı. Bununla belə, bəzi məktəblər dünya təcrübəsində olduğu kimi, bu məsələnin həlli yolunu tapdı, dərs başlayanda telefonlar yığılır, dərs bitdikdən sonra isə telefonlar geri qaytarılır.
O ki qaldı nazirin “gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür” fikrinə, mən şəxsən bununla razılaşmıram, ona görə ki, bu o deməkdir ki, bu məsələ bir müddət yenə də açıq qalacaq.
İkincisi, “bu, məktəbin daxili qaydaları ilə müəyyən olunur” fikri də bir qədər mücərrəddir. Çünki bilirsiniz, əgər bu, məktəbin daxili qaydaları ilə müəyyənləşsə, hər məktəb məsələyə bir cür yanaşacaq. Yəni biri qadağan edəcək, digəri icazə verəcək ki, bu da ictimaiyyət arasında müəyyən narazılıqlar əmələ gətirəcək. Məsələn, insanlar deyəcək ki, niyə filan məktəbdə icazə verilir, bizim məktəbdə isə yox. Ona görə də, fikrimcə, bu məsələ kökündən həll olunmalı, gələcəyə saxlanılmamalıdır".
Nadir İsrafilov qeyd edib ki, məktəbdə baş verən neqativ hallarla bağlı video və yaxud şəkillərin sosial şəbəkələrdə paylaşılması, yayılması müəllimin, məktəbin nüfuzunu aşağı salır: “Bizə o müəllimin, məktəbin, müəllim-şagird, müəllim-valideyn münasibətlərinə, nüfuzuna zərər vura biləcək bir aşkarlıq, şəffaflıq lazım deyil. Məlum olduğu kimi, ötən il bununla bağlı nə qədər paylaşımlar, bundan doğan narazılıqlar, narahatlıqlar oldu, müəllim-şagird, şagird-məktəb münasibətlərində müəyyən soyuqluq müşahidə olundu.
Bizim strategiyamızın əsas hədəflərindən biri müəllim nüfuzunun yüksəldilməsidir. Hər kəsə məlumdur ki, hazırda müəllimlərin nüfuzu 30-40 il bundan əvvəlki müəllimin nüfuzu kimi yüksək deyil, əksinə, xeyli zədələnib. Bu zədələnmənin də əsas səbəbləri telefon çəkilişləri, videolardır.
İkinci tərəfdən, telefon məsələsi təkcə bu amillərlə bitmir. Şagirdlər dərsdə dərs oxumaq, müəllimə qulaq asmaq əvəzinə telefonlarda yazışmalar aparır, sosial şəbəkələrdə oyunlar oynayır və sairə. Bu, təhsilin keyfiyyətinə də təsir edir.
Hesab edirəm ki, gələcəkdə bu məsələ hansısa şəkildə öz həllini tapana qədər valideynlər arasında müəyyən maarifləndirmə işləri aparılmalıdır. Bəli, valideyn etiraz edə bilər ki, övladının harada olması ilə bağlı daimi əlaqə saxlamaq istəyir və sairə, amma əlaqə saxlamaq üçün birfunksiyalı telefonlardan da istifadə etmək olar. Valideyn niyə övladına çox baha qiymətə çoxfunksiyalı telefon alıb verməlidir, uşaq da dərsdə dərs əvəzinə həmin telefonlara məşğul olsun? Ona görə də bununla bağlı valideynləri maarifləndirmək lazımdır".
Ekspertin fikrincə, bu məsələdə müəllimin də məsuliyyəti artmalıdır: “Məktəbə telefon gətirilməsi qadağan oldu-olmadı, burada müəllimlərin də üzərində məsuliyyət var. Biz də şagird olmuşuq, məktəbdə oxumuşuq, bizim dövrümüzdə müəllimlər daimi olaraq dərs prosesində partalararası gəzişir, şagirdlərə ciddi nəzarət edirdi. Belə olan təqdirdə hansı şagird telefonla oynaya bilər? İndi baxırsan ki, müəllim başını aşağı salıb nəsə yazıb, oxuyur, şagirdlər nə oyunlardan çıxırlar. Yəni burada müəllimin də məsuliyyəti artmalıdır.
Xatırladım ki, ötən il bir neçə məktəbdə pilot şəklində davranış qaydaları qoyuldu. Yaxşı olardı ki, bu davranış qaydaları növbəti ildə bütün məktəblərdə tətbiq olunsun. Diqqət etsək görərik ki, həmin davranış qaydalarında bir çox məsələlər öz əksini tapıb, məsələn, makiyajdan tutmuş, geyim formasına, davranışa aid hər şey. Olmazmı ki, telefonla da bağlı məsələ də davranış qaydalarında öz əksini tapsın?"
Nadir İsrafilov məktəblərdə bloger və “TikTok”erlərlə görüş keçirilməsinə də münasibət bildirib: “Dünyanın neçə ölkəsində "TikTtok"a qadağa qoyulub və bu proses davam edir. Amma biz nə edirik? Məktəblərdə, universitetlərdə “TikTok”erlərlə görüş keçiririk. Dünya ölkələrində bu, qadağan edilir, bizdə isə təbliğ olunur".