SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sabiq əməkdaşı, podpolkovnik Vladimir Popov jurnalist Dimitri Qordona geniş müsahibəsində 1990-cı ilin yanvarında Bakıda erməni sakinlərə qarşı törədilmiş təxribatlarda DTK-nın əli olduğunu etiraf edib.
Shafaqadogru.com bildirir ki, müsahibədə SSRİ-nin suqutu ilə bağlı səbəblərə toxunarkən 20 yanvarda Bakıdakı qanlı hadisələri də xatırladıb. Onun sözlərinə görə, 1990-cı ilin yanvarında Bakıda vəziyyətin gərginləşməsində DTK-nın əli olub: “Bakıda yanvar hadisələrinə gəlincə, mən deyə bilərəm ki, orada DTK tərəfindən təxribat törədilmişdi. Bakı hadisələrindən sonra orada olan DTK-nın sədr müavini, general Bobkov özü ilə bərabər Azərbaycan DTK-sının o vaxtkı rəhbərini Moskvaya gətirdi, elmi institutların birində iş verdi”.
Müsahibədə Popov SSRİ-nin süqutuna gətirən səbəblər sırasında ölkədə başlamış milli zəmində münaqişələrin rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu sırada Qarabağ problemi ölkəni silkələyən münaqişə olub. Popov deyib ki, 1988-ci ilin sentyabrında Qarabağa ezam olunub və 3 ay orada çalışıb: “1988-ci ilin sentyabrında məni Dağlıq Qarabağa göndərdilər. Bizi- DTK-nın 5-ci idarəsinin əməkdaşlarını ora informasiya toplamağa və Mərkəzə məruzə etməyə göndərmişdilər. DTK-nın əsas qərargahı Şuşada yerləşirdi. Orada tərəflərin arasında ordu durmuşdu. Münaqişə tərəflərinin heç birinə deyilmirdi ki, “sərhədlər dəyişməyəcək, necə var elə də qalacaq. Ortada mərkəzin heç bir siyasi iradə yox idi. Bizə ancaq tapşırıq olurdu ki, yerlərdə olun, vəziyyəti sabitləşdirin. Aydın görünürdü ki, məsələnin həlli ilə bağlı heç bir siyası addım atılmır. Qarabağda mənə tam aydın oldu ki, ölkəmizin sonu çatıb”.
1972-ci ildən DTK-da işə başlayan V.Popov 1991-ci ilə qədər bu idarənin 5-ci idarəsində yüksək vəzifə tutub. 1995-ci ildən Kanadada yaşayır. “DTK şahmat oynayır” kitabının müəllifidir.//Azpost.info