Şəfəqə Doğru » Manşet » Qazaxın 7 kəndi və Kərki geri qaytarılır: Həlledici an yetişdi - Kritik gəlişmə

Qazaxın 7 kəndi və Kərki geri qaytarılır: Həlledici an yetişdi - Kritik gəlişmə

Qazaxın 7 kəndi və Kərki geri qaytarılır: Həlledici an yetişdi - Kritik gəlişmə

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb:

Shafaqadogru.com  onunla müsahibəni təqdim edir:

- Fəzail müəllim, Nikol Paşinyan ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlama verib. Qarşıdakı iki ayda yekun sülhün əldə edilməsi nə dərəcədə real görünür?

- Paşinyan artıq bir neçə dəfə Azərbaycanla sülhün əldə edilməsi ilə bağlı fikirlər səsləndirib. Amma sonradan fikrini dəyişib. Müxtəlif bəhanələr gətirib və konkret adım atmayıb. Əslində sülh sazişi Ermənistana daha çox lazımdır. Azərbaycan ərazi bütövlüyünü təmin edib, ölkə sərhədləri qorunur, suverenliyimiz bərqərar olunub. Vaxtilə Xankəndidə Azərbaycana qarşı hədə-qorxu gələnlər, separatizmin genişlənməsi üçün istifadə edilən meydan Prezident İlham Əliyevin ayaqları altında idi. Buradan Azərbaycan Prezidenti qürurlu və möhtəşəm bir şəkildə öz fikirlərini söyləyirdi. Xankəndidə isə Azərbaycan bayrağı dalğalanırdı. Bu o deməkdir ki, biz öz problemimizi həll etmişik. Qarabağda uzun on illiklər mövcud olmuş separatçı rejimin yuvası darmadağın edilib.

- Bundan sonra Azərbaycanın qarşısında hansı vəzifələr dayanıb?

- Qarşıdakı dövrdə Azərbaycanın əsas hədəfləri Qazaxın 7-i, Naxçıvanın Kərki kəndinin Ermənistanın işğalından azad edilməsidir. Bunun da həlli an məsələsidir. Yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq.

- Ermənistanın sülhlə bağlı ilkin yanaşmaları nədən ibarətdir?

- Bu ölkə nəhayət Azərbaycanla və Türkiyə ilə normal münasibətlər haqqında düşünməlidir. Bunun əksinə olacaq hər şey Ermənistanın ziyanına olacaq. Ölkə başçısının da dediyi kimi sülhü Ermənistan istəmirsə, biz də istəmirik.

- Mehridən dəmir yolunun və kommunikasiyaların açılması ilə bağlı da Paşinyanın açıqlaması var. Amma burada Ermənistanın suverenliyi və qanunları məsələsi vurğunır. Belə olan halda Zəngəzur dəhlizinin açılması ilə bağlı ilkin şərtlər gündəmə gəlir...

- Əslində dəhlizin açılmasında Ermənistanın Azərbyacanla problemi yoxdur. Bu daha çox Rusiya-Ermənistan arasında olan problemdir. 2020-ci ilin 10 noyabrında imzalanmış bəyanatın müddəalarına əsasən Zəngəzur dəhlizinin açılması fonunda təhlükəsizliyi və fəliyyət Rusiyanın üzərinə qoyulub. Rusiya sərhəd qoşunlarının xidməti burada açıq mətnlə göstərilir. Faktiki olaraq Ermənistan ağır durumdadır. Onun sərhədlərini Rusiya qoruyur. Mehri istiqamətində də bu belədir. Ona görə də, buradan keçəcək dəmir yolu da Rusiya dəmir yolunun bir hissəsi hesab ediləcək. Beləliklə burada dəhlizin digər funksiyalarını Rusiya həyata keçirirsə, Ermənistan suverenliyindən söhbət gedə bilməz.

- Çıxış yolu nədən ibarətdir?

- Ermənistanı narahat edən məhz budur. Onu da Rusiya ilə həll edə bilmir. Bunun üçün gərək Rusiya Ermənistandan birdəfəlik çıxsın. Məsələnin əsas çətinliyi də məhz bundadır. Hər halda Paşinyanın nə deməsindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq.

- Dəhlizin açılması ilə bağlı daha hansı təsirli mexanizmlər işə düşə bilər?

- Bu ya sülh yolu ilə olacaq, ya da güc müstəvisində həll ediləcək. Əslində bu Ermənistan üçün də vacibdir. Eyni zamanda bu dəhlizin açılması normallaşma prosesində həlledici amildir. Əgər Ermənistan bu müstəvidə konkret addım atmasa, onun Türkiyə ilə də sərhədləri açılmayacaq. Bununla yanaşı dəmir yolu və quru yolu Ermənistan üçün bağlı qalacaq. Növbəti dəfə Ermənistan blokada vəziyyətində qalacaq. Amma görünən odur ki, Çindən, Avropadan uzanan yol xətti ilə bağlı Ermənistan sona kimi dirəniş göstərə bilməyəcək.