"Mən səmimi-qəlbdən təəssüf edirəm, bu, mənim regionda vəziyyətlə bağlı yersiz emosiyalarım olub..."
"Rusiya adlı məmləkətdə insanlar etdiklərinin onların xoşuna gəlməyəcək tərzdə səciyyələndirilməsinə alışmayıb..."
Rusiyalı politoloq, Yaxın Şərq problemləri üzrə ekspert və "Solovyov LIVE" kanalının artıq sabiq teleaparıcısı Yevgeni Satanovski Rusiya XİN aparıcı əməkdaşlarının ünvanına təhqiramiz ifadələrinə görə yazılı formada üzr istəyib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "ura.news" nəşri yazıb.
Bir neçə gün öncə ərəb-İsrail münaqişəsi fonunda o, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova və prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovun ünvanına kəskin ifadələr işlədib.
O, bəyan edib ki, Mariya Zaxarovanın "İsraildən zəhləsi gedir və bunu o, heç gizlətmir də", onu "içki düşkünü olan fahişə", Mixail Boqdanovu isə "güclü sərxoş", üstəlik ərəb pullarından yararlanan adlandırıb.
"Səmimi-qəlbdən təəssüf edirəm", - Satanovski özünün "Telegram-kanal"ında yazıb. - Bu, mənim regionda vəziyyətlə bağlı yersiz emosiyalarım olub".
Şərqşünas "bu sözlərinin üzrxahlıq kimi" qəbul edilməsini xahiş edib və qeyd edib ki, "gühahkar başı qılınc kəsməz".
Özünün yüksək vəzifəli məmurların ünvanına yol verdiyi kəskin təhqirlərini Satanovski öz tərcümeyi-halının xüsusiyyətləri ilə izah edib.
Belə ki, o, gənclik illərində "Oraq və Çəkic" metallurgiya zavodunda işləyib, oradan da bu cür spesifik leksikanı mənimsəyib.
Xəbər verildiyi kimi, oktyabrın 21-də teleaparıcı Vladimir Solovyov Rusiya XİN-dən öz kanalının əməkdaşının fikirlərinə görə üzrxahlıq edib, onun ifadələrini "məzmunca ədalətsiz və formaca qəbuledilməz" adlandırıb.
O, dərhal Yevgeni Satanovskini "Solovyov LIVE" kanalından kənarlaşdırdığı barədə məlumat verib, çünki onunla "peşəkar ünsiyyəti" mümkünsüz hesab edir.
Tezliklə məlumat yayılıb ki, Rusiya Prokurorluğu Satanovskinin Zaxarova və XİN-in ünvanına söylədiyi ifadələrinin qanuna uyğunluğunu yoxlamaq qərarına gəlib. Məlumatlarda Cinayət Məcəlləsinin hansı maddəsindən söhbət getdiyi dəqiqləşdirilmir.
Peterburqun "Fontanka" nəşrinin müxbiri ilə əvvəlki söhbətində Satanovski izah edib ki, kifayət qədər korrekt ifadələr olub, xanımın ünvanına söyüş işlətməyib.
"Rusiya adlı məmləkətdə insanlar etdiklərinin onların xoşuna gəlməyəcək tərzdə səciyyələndirilməsinə alışmayıb.
Amma bu, maksimal dərəcədə yumşaq, nəzakətli, ən yüksək dərəcədə sivil sözlər olub.
Lakin bu zaman, əlbəttə ki, Vladimir Rudolfoviç tamamilə düzgün hərəkət edib, axı, oyun qaydaları belədir", - yəhudi-rusiyalı politoloq deyib.