Erməni mediasında Azərbaycanla Ermənistan arasında sülh sazişində sərhədlərin delimitasiya və demarkasiyasının SSRİ Baş Qərargahının 1975-ci il xəritələri əsasında həyata keçiriləcəyi iddia edilir. Bu iddialar yeni deyil. İkinci Qarabağ müharibəsindən sonra sülh sazişi ilə bağlı erməni və elə Azərbaycan cəmiyyətində də aparılan müzakirələrdə 1975-ci il xəritələrinə toxunulub. Rəsmi Bakı və İrəvan sərhədlərin delimitasiya və demarkasiyasının hansı ilə aid xəritələr əsasında aparılacağını açıqlamayıb. Amma Moskvadan verilən bir neçə açıqlamada 1975-ci ilin xəritələrinə eyham vurulub.
Bəzi ekspertlər bildirirlər ki, 1975-ci ilin xəritələsi əsas götürülərsə, o zaman 1980-ci illərdə Ermənistana SSRİ-nin tələbi ilə “pay” verilən Qazaxın Kəmərli kəndinin əraziləri də qaytarılmalıdır.
Qeyd edək ki, 1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 hektar torpaq sahəsinə iddia irəli sürüb. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliyi və Azərbaycan hökumətinə dəfələrlə müraciət etsə də, bir nəticə olmayıb. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr verməyib. 24 oktyabr 1984-cü il tarixində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadənin, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanovun, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubovun və digər rəsmi şəxslərin Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəlişi, kənd əhalisini hiddətləndirib. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri gələnləri daşa basıb, Rasizadənin maşınını aşırıblar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edilərək hüquqi qiymət verilməsi üçün xüsusi orqanlara göndərilib. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf edib. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul edib və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiası təmin olunub. 1985-ci ilin fevral ayında Qazaxın 5 min hektar ərazisinin Ermənistana verilməsi reallaşıb.
Hazırda bu ərazi hər iki tərəfdən minalanıb və nə ermənilər, nə azərbaycanlılar əraziyə daxil ola bilirlər. Beləliklə, Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum olub. Azərbaycan ərazilərini işğaldan azad edib, Qarabağ münaqişəsinə son qoyandan, Ermənistanla sülh sazişinin imzalanması ehtimalı artdığından bu ərazilərin də Azərbaycana qaytarılması şansı yaranıb.
Shafaqadogru.com məlumatına görə, məsələ ilə bağlı AYNA-ya danışan politoloq Zərdüşt Əlizadə deyib ki, indi hazırkı məsələ SSRİ zamanında Ermənistana otlaq sahəsi kimi verilən Qazaxın torpaqları yox, işğalda olan kəndlər məsələsidir.
Analitikin sözlərinə görə, birinci məsələ hələ də Ermənistanın işğalında qalan Azərbaycan ərazilərinin azad edilməsi məsələsidir ki, bu problem yoluna qoyulmalıdır: “Bu ərazilərin də güc tətbiqi ilə qaytarılması mümkündür. Lakin bütün variantlar gözdən keçirilməlidir. Ola bilsin ki, Ermənistanın işğalda saxladığı 8 kənd delimitasiya və demarkasiya üzrə razılıq əldə olunduqdan, bunu həyata keçirəcək komissiya fəaliyyətə başladıqdan sonra məsələ dinc yolla həllini tapsın. Komissiyanın vasitəsilə həmin kəndlərin boşaldılmasına başlanılsın. Azərbaycan tərəfi bu barədə bütün müzakirələrə açıq olduğunu dəfələrlə bəyan edib”.
“Rəsmi Bakı məsələnin həllində tələskənliyə yol vermədən iş aparır. Hazırda Qarabağda quruculuq işləri həyata keçirilir. Düşünürəm ki, anklavlar, eksklavlar məsələsinin də həllinin zamanı gələcək. Məncə, sərt ritorikaya və gücdən istifadəyə ehtiyac yoxdur. Əsas amil Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlməsidir. Bundan sonra Qazaxın dediyiniz hektarlarla ərazisinin qaytarılmasına da baxılacaq”, - deyə Əlizadə vurğulayıb.
Analitik bildirib ki, əgər sərhədlərin delimitasiyası 1975-ci ilin xəritələrinə əsasən aparılacaqsa, əlbəttə, bu tarixdən sonra Ermənistana verilmiş ərazilər də qaytarılmalıdır: “Azərbaycan ərazilərindən imtina etməyəcək. Nə də ki, bu elə məsələ deyil ki, yaddan çıxsın. Sənədlər, sazişin bəndləri, demarkasiya, delimitasiya məsələləri çoxsaylı müzakirələr, dəqiqləşmələrlə razılaşdırılacaq”.
“O başqa məsələdir ki, delimitasiya prosesi nə qədər çəkəcək. Ola bilsin ki, ümumi razılaşma ilə sülh sazişi imzalanacaq, ondan sonra mübahisə doğuran ərazilərlə bağlı müzakirələr xeyli müddət davam edəcək”, - deyən politoloq bildirib: “Məsələn, Azərbaycanla Gürcüstan arasında heç bir problem yoxdur, münaqişə mövcud deyil. Amma iki ölkə arasında ərazilərin delimitasiyası tam başa çatmayıb. 30 ildən çoxdur ki, gürcülərin David Qareci, bizimkilərin Keşikçidağ monastrı dediyi ərazinin delimitasiyası həll olunmayıb. Demək istədiyim odur ki, həmin 5 min hektar ərazi ilə bağlı müzakirələr, məsələnin həlli də uzun müddət tələb edə bilər”.
“Amma yenə deyirəm, əsas məsələ Qazaxın 7, Naxçıvanın 1 kəndinin işğaldan azad olunmasıdır ki, birinci bu problemin həllinə çalışılacaq”, - Z.Əlizadə fikrini tamamlayıb.