Bu iddia təkcə Netanyahuya deyil, Qəzza bölgəsində hərbi cinayətlər və soyqırımda əli olanların hamısına aiddir..."
Türkiyə Netanyahunu soyqırımda ittiham edib və Beynəlxalq Cinayət Məhkəməsinə iddia göndərib
Türkiyə hökuməti Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi qarşısında İsrailin baş naziri Binyamin Netanyahuya qarşı iddia ilə çıxış edib. Ankara siyasətçini Qəzza bölgəsində soyqırımda ittiham edib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.
23 səhifədən ibarət olan iddianı hakim Ədalət və İnkişaf Partiyasının vəkilləri Mətin Külüng, Mukahit Birinçi və Burak Bəkiroğlu tərtib edib. İddia Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) Türkiyə Ədliyyə Nazirliyi vasitəsilə verilib.
Külüng Netanyahunu "XXI əsrin Hitleri" adlandırıb və vurğulayıb ki, İsrail baş nazirinin HƏMAS-a qarşı hərəkətləri "insanlığa qarşı cinayətdir".
Öz növbəsində Birinçi dəqiqləşdirib ki, iddia təkcə Netanyahuya deyil, "Qəzza bölgəsində hərbi cinayətlər və soyqırımda əli olanların hamısına" aiddir.
Noyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İsrail Müdafiə Ordusunun bölgədə hərəkətləri səbəbindən İsrail baş naziri ilə təmaslara son qoyur. "Netanyahu daha danışıla biləsi adam deyil. Biz onu silib atmışıq", - o, qeyd edib.
Elə həmin gün Türkiyə İsraildən öz səfirini geri çağırıb, bunu "Qəzza bölgəsində İsrail Müdafiə Ordusunun mülki əhaliyə davam edən hücumlarının yaratdığı humanitar faciənin inkişaf etməsi ilə" izah edib.
Noyabrın 11-də İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının birgə sammitində Ərdoğan BMT və BCM-ə bölgədəki "hərbi cinayətləri" araşdırmağa çağırış edib.
O, bəyan edib ki, İsrail özünü "Qərbin şıltaq körpəsi kimi" aparır və Fələstin regionuna vurduğu zərəri ödəməlidir.
Öz növbəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Baytaktar İsrail hakimiyyəti ilə birgə layihələrin gerçəkləşdirilməsinin dayandırılması barədə məlumat verib. Onun sözlərinə görə, belə əməkdaşlıq "daha yersiz" olub.
Bundan öncə İsrail təhlükəsizlik tədbiri kimi bütün diplomatlarını Türkiyədən geri çağırıb və respublika ilə "diplomatik münasibətlərə yenidən baxılmasına" çağırış edib.
Bu, Atatürk hava limanında Fələstinə dəstək mitinqindən və orada Ərdoğanın İsrail hakimiyyətini "hərbi cinayətkar" və "işğalçı" adlandırdıqdan sonra baş verib.
İsrail Müdafiə Ordusunun HƏMAS ilə müharibəsi oktyabrın 7-dən davam edir. Qəzza hökuməti media bürosunun məlumatına görə, bu müddət ərzində regionda 11 mindən artıq adam həlak olub, onlardan 4500-dən çoxu uşaqlardır.
HƏMAS-ın nəzarətində olan Fələstin Səhiyyə Nazirliyi 27 mindən çox adamın yaralandığı barədə məlumat verib.