Prokurorluq Gəncədə qardaşın bacısını qətlə yetirməsi barədə məlumat yayıb. Gəncə şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, noyabrın 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir. “Qafqazinfo”nun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır. WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş Ə.Allahverdizadə Vətən Müharibəsində də iştirak edib və Şuşa, Füzuli və Qubadlının işğaldan azad edilməsinə görə medalları ilə təltif olunub. O, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş. Qeyd edək ki, hadisə Gəncə şəhər Şahsevənlər küçəsi 106 ünvanında baş verib. 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsinin kəsilməsi səbəbindən vəfat edib. Gənc qızı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. Ətraflı *** Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb. O, bacısının boğazını kəsərək qətlə yetirib. Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir. *** 08:04 Gəncədə qardaş bacısını qətlə yetirməkdə şübhəli bilinir. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib